EN

Mayot cəhənnəmə dönüb

“Şido” qasırğası adanı ciddi sınağa çəkib

Mayot Fransanın ən kasıb departamentidir. Əhalinin üçdə biri gecəqondularda və daxmalarda yaşayır. Departamentdə qanunsuz məskunlaşan miqrantların sayı isə 100 min nəfərdən çoxdur. Əhalinin 77 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Departament əhalisinin təxminən, 30 faizinin daimi işi var. Sosial problemlərin çoxluğu son 10 ildə bu adada cinayətkarlığın da artmasına səbəb olub. Uzun illərdir ki, miqrasiya böhranı yaşanan Mayot indi də təbii fəlakətlə üz-üzədir. Güclü siklon adada ciddi dağıntı törədib, həlak olanların sayınin isə yüzlərlə olduğu iddia edilir.

Parisdən 8 min kilometr məsafədə yerləşən və 374 kvadratkilometr ərazisi olan Mayot adasında 310 mindən çox insan yaşayır. Dekabrın 14-nə keçən gecə baş verən və böyük dağıntılara səbəb olan “Şido” siklonunun təsirindən sonra adada təbii fəlakət böhranı müşahidə edilir. Minlərlə evin elektriksiz qaldığı, kiçik binaların dağıldığı və çox sayda ağacın yıxıldığı bildirilir. Fransanın meteorologiya xidməti “Şido”nun bölgədə son 90 ilin ən güclü qasırğa olduğunu bildirib. Küləyin sürəti saniyədə 60 metrə çatıb.

Son məlumatlara görə, qasırğa zamanı 22 nəfər ölüb, ən azı 250 nəfər yaralanıb. Ancaq həlak olanların sayının həddən artıq çox olduğu güman edilir. Mayot prefekti Fransua-Xavier Byevil də yerli mətbuata bildirib ki, ölənlərin sayı xeyli arta bilər.

Mayot millət vəkili Estelle Yusuffa onun fikri ilə razılaşıb və “itkilərin böyük olacağını” söyləyib. O qeyd edib ki, kommunikasiyanın olmaması və adanın yarısından çoxuna çıxış əldə etmək mümkün olmadığı üçün vəziyyət kritikdir.

Ölənlərin sayı ilə bağlı suala Fransa Daxili İşlər Nazirliyi isə belə cavab verib ki, “indiki mərhələdə bütün qurbanları saymaq çətindir və dəqiq statistika gələn həftə məlum olacaq”.

Ərazinin paytaxtı Mamudzu şəhərinin meri Ambdilvahed Sumaylanın sözlərinə görə, adada yollar, demək olar ki, tamamilə bağlanıb. Su və qidaya böyük ehtiyac var. Bir çox yerli sakinlər yemək və içməli su çatışmazlığından şikayətlənir. Mamudzu sakinlərindən biri BBC-ə deyib ki, kömək üçün növbəyə dayanıb: “Üç gündür suyumuz yoxdur, ona görə də daha dözə bilmirik. Heç olmasa nəsə almağa çalışırıq ki, yaşaya bilək, çünki suyun bir də nə zaman veriləcəyini bilmirik”.

RFI-nin verdiyi məlumata görə, Mayotda fəlakətdən əvvəl məktəblərdə 70-ə yaxın müvəqqəti yerləşdirmə mərkəzi açılsa da, yalnız bir neçə min insan onlara sığınıb. Digərləri isə ya evlərini tərk etmək istəməyiblər, ya da fəlakət baş verənə qədər vaxtları olmayıb.

Hazırda xəbərdarlıq səviyyəsi bənövşəyidən qırmızıya endirilib. Lakin yerli hakimyyət orqanları əhalini evlərini tərk etməməyə çağırır.

Sonda bildirək ki, COP29-un ada dövlətlərin təbii fəlakətlər qarşısında dözümsüzlüyü barədə ciddi xəbərdarlığı əbəs deyilmiş.

S.ELAY
XQ

Chosen
33
xalqqazeti.az

1Sources