EN

İngiltərə Liqa Kuboku: “Arsenal”, “Liverpul” və “Nyukasl” yarımfinala vəsiqə qazanıblar

İngiltərə Liqa Kubokunun 1/4 finalının üç qarşılaşması baş tutub.

“Report” xəbər verir ki, “Arsenal” “Kristal Pelas”ı, “Nyuaksl” “Brentford”u, “Sauthempton” isə “Liverpul”u qəbul edib.

Paytaxt Londonun iki təmsilçisi – “Arsenal” və “Kristal Pelas” komandaları arasındakı qarşılaşma “topçular”ın minimal üstünlüyü ilə başa çatıb – 3:2. Sözügedən matçda braziliyalı hücumçu Qabriel Jezus (54’, 73’, 81’) het-trik imza atıb. “Qartal”ların qollarını isə Jan-Filipp Mateta (4’) və Eddi Nketia (85’) vurub.

“Nyukasl” – “Brentford” oyununa isə ev sahiblərinin inamlı qələbəsi ilə yekun vurulub – 3:1. “Sağsağanlar”ın qollarını italiyalı yarımmüdafiəçi Sandro Tonali (9’, 43’) və Fabian Şer (69’) vurublar. “Arılar”dan isə ancaq konqolu Yoan Vissa (90+1’) fərqlənib.

Günün son qarşılaşması isə ölkənin cənubunda baş tutub. Premyer Liqanın autsayderi – “Sauthempton” və lideri – “Liverpul” arasında keçirilmiş matça favoritlərin minimal üstünlüyü ilə nöqtə qoyulub – 1:2. “Müqəddəslər”in yeganə qolunu Kemeron Arçer (59’), “qırmızılar”ın qollarını isə Darvin Nunyes (24’) və Harvi Elliot (32’) vurublar. Arne Slotun komandasının aparıcı oyunçuları – Məhəmməd Salah və Vircil van Deyk iştirak vərəqəsinə salınmamışdılar.

Mərhələnin son oyunu isə dekabrın 20-nə keçən gecə Londonda baş tutacaq: Premyer Liqa təmsilçiləri olan “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcəklər.

Qeyd edək ki, turnirin yarımfinalda 1/4 finaldan fərqli olaraq cavab qarşılaşmaları da keçiriləcək. Birinci oyun yanvarın 6-da, cavab qarşılaşması isə fevralın 3-də təşkil olunacaq. Finalın isə martın 16-da neytral meydanda keçirilməsi nəzərdə tutulub.

Chosen
53
far.az

1Sources