EN

Milli Hökumət dönəmində nələr yaşandı? - GÜNEY AZƏRBAYCANI TANI

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Milli Hökumət dönəmində Azərbaycanda nələr yaşandı?” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə yazdığımız əvvəlki yazıda bunun tarixi köklərindən və həmin dövrdə baş verən müxtəlif proseslərdən bəhs etmişdik. Bu yazıda hökumətin bir illik fəaliyyəti dövründə gördüyü işlərdən, tətbiq etdiyi proqram və yanaşmalardan bəhs edəcəyik.

Qeyd etdiyimiz kimi, 1945-ci il dekabrın 12-də Güney Azərbaycanın hər yerindən xalqın seçdiyi nümayəndələrin iştirakı ilə Azərbaycan Milli Məclisi açıldı. Həmin gün Məclis Seyid Cəfər Pişəvərini Baş nazir təyin edib ona hökumət kabinetini formalaşdırmaq səlahiyyəti verdi. Günortadan sonra Pişəvəri hökumətinin gələcək planlarını izah edərkən, təklif etdiyi nazirləri Məclisə təqdim etdi. Pişəvəri kabineti parlamentin etimad səsini qazana bildi və elə həmin axşamdan işə başladı.

(Azərbaycan Milli Hökumətinin Nazirlər Kabineti)

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti rəsmən qurulub fəaliyyətə başlayanda Azərbaycanın əksər şəhər və kəndləri bu hökumətin nəzarətinə keçdi. Lakin Urmiya və hətta Təbriz kimi mühüm şəhərlərdə mərkəzi hökumətin ordusu hələ də müqavimət göstərir və təslim olmaq istəmirdi. Azərbaycan Milli Hökumətinin qurulmasından 2 gün sonra Təbrizdəki kazarmalar Güney Azərbaycan xalqının iradəsinin qarşısında diz çökdü və təslim olmaq məcburiyyətində qaldı, lakin Urmiyadakı kazarmalar hələ bir müddət də müqavimət göstərdi.

Azərbaycan Milli Hökuməti tərəfindən həyata keçirilən proqramlar

Pişəvərinin Azərbaycan Milli Məclisinə təqdim etdiyi proqramları dərindən araşdıranda görünür ki, bunlar ətalətli siyasətçilərin sözləri deyil, həyata keçiriləsi, praktik proqramlardır. Aşağıda bir illik hökumətin Güney Azərbaycandakı mühüm fəaliyyətlərindən bəziləri qeyd olunacaq.

Dilimiz və mədəniyyətimizlə bağlı həyata keçən proqramlar

Azərbaycan Milli Hökuməti Güney Azərbaycan türklərinin dil və mədəniyyət tələblərinə biganə qala bilməzdi. Rza şah 1925-ci ildə hakimiyyətə gəldiyi andan etibarən İranda türk dili qadağan edildi və bu dildə heç bir kitab, qəzet, nəşr, teatr və konsert verilə bilmədi. Bu qadağaların hamısı Azərbaycan Milli Hökuməti yaranandan bəri aradan qaldırıldı. Yeni yaradılmış Azərbaycan Milli Hökuməti əvvəldən qarşılaşdığı bütün problemlərə baxmayaraq, təhsil və mədəniyyət məsələlərinə xüsusi diqqət yetirirdi. Dağılmış məktəblərin təmiri, yeni məktəblərin tikilməsi, Azərbaycan Universitetinin açılması, Təbrizdə radio stansiyasının açılması, konsert və teatrların həyata keçməsi, kimsəsiz uşaqlar üçün özəl məktəblərin açılması, təhsilin ana dilində aparılması və ana dilində dərsliklərin çapı bu hökumətin Azərbaycan mədəniyyəti uğrunda həyata keçirdiyi ən mühüm addımlardır.

(Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə Azərbaycan Universiteti açıldı)

1946-cı il yanvarın 6-sı Güney Azərbaycan türkləri üçün unudulmaz bir gün oldu. Həmin gün Azərbaycan Milli Məclisi müxtəlif mövzularda, xüsusilə türk dili, Azərbaycan Universiteti, yetim uşaqların vəziyyəti ilə bağlı bir sıra qərarlar qəbul etdi. Alınan qərara görə, artıq Azərbaycan türkcəsi rəsmi dövləti dili statusuna malik oldu və o gündən etibarən bütün rəsmi sənədlərin Azərbaycan türkcəsində yazılması icbari hal aldı. Bu qərarla, Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda türk dili dövlət və təhsilin rəsmi dili oldu. Bundan əlavə, hökumət Azərbaycan türkcəsində yazan şair və yazıçılara dəstək verirdi. O dövrün bir çox şairləri müharibə, müqavimət, kimlik mübarizəsi kimi mövzularda yazırdılar. Bundan başqa, 1946-cı ilin yanvarında Quzey Azərbaycandan bir qrup şair və yazıçının Güney Azərbaycana səfəri və Güney Azərbaycanda ədəbi məclislərdə iştirakı, bəzi tədqiqatçıların fikrincə, Güney Azərbaycanda mədəni həyatın ən parlaq hadisələrindən biri hesab edilməlidir.

Milli Hökumətin qurulması Güney Azərbaycanda türkcə mətbuatın və nəşrlərin yaranmasına və sürətlə inkişafına imkan verdi. Sayı 50-dən çox olan bu qəzet və jurnalların başlıcaları Azərbaycan Milli Hökumətinin rəsmi nəşri olan “Azərbaycan” qəzeti, “Azad millət”, “Yeni Şərq”, “Azərbaycan ulduzları”, “Şəfa”, “Demokrat”, “Günəş”, “Kitap Səhifəsi”, “Şairlər məclisi” idi. “Azərbaycan” qəzetində hökumətin fəaliyyətləri və Azərbaycan liderlərinin fikirləri ilə bağlı xəbərlərlə yanaşı, İran hökuməti rəhbərlərinin və ya onların havadarlarının iddialarına cavab olaraq yazılan mətnlər yayımlanırdı.

Pişəvərinin səyləri nəticəsində qısa zaman ərzində, 1946-cı il aprelin 7-də “Təbriz radiosu” yayıma başladı.

İslam dünyasının ən qədim və inkişaf etmiş teatrlarından sayılan Güney Azərbaycan Teatrı Rza şah dövründə bağlanmışdı. Bir çox mədəniyyət sahələri kimi, Güney Azərbaycan Teatrı da Azərbaycan Milli Hökuməti dövründə yenidən dirçəldi. İlk dəfə olaraq, 1945-ci ildə Güney Azərbaycan teatrı dövlət tərəfindən dəstək gördü və qısa zaman ərzində Azərbaycanın bir çox şəhərlərində teatr salonları açılmağa başladı. 1946-cı il martın 28-də Təbrizdə keçirilən coşqulu mərasimlə Azərbaycan Dövlət Teatrının açılışı oldu. 1946-cı ildə Azərbaycan Milli Hökumətinin və Azərbaycan Milli Məclisinin qərarı ilə 85 artistdən ibarət Azərbaycan Filarmoniyası yaradıldı. “Aşıqlar qrupu” filarmoniyanın ən populyar kollektivi idi. Azərbaycan Filarmoniyasının ən böyük uğurlarından biri də qadınları sənət aləminə daxil etməsi olub. Həmin dövrdə “Qızlar rəqs qrupu” yaradılıb, qızlar və oğlanlar birlikdə müxtəlif Azərbaycan folklor rəqslərini ifa ediblər. Rza xanın hakimiyyəti dövründə Azərbaycan türklərinə milli rəqs və türk musiqisi ifa etməyin qadağan olunmasına baxmayaraq, qısa müddətdə çox peşəkar artistlər yetişdirildi.

Torpaq islahatı

1945-ci ildə əkinçilərlə torpaq sahibləri arasında uzun müddətdir davam edən gərginlik pik həddə çatmışdı. İranda Tudə kommunist partiyası olaraq bu münaqişədə açıq şəkildə əkinçilərin tərəfini tutur və bəzən onları mülkədarlara qarşı təhrik edirdi. Azərbaycan Demokrat Firqəsinin yoxsul əkinçi və kəndlilərin qayğısına qalmasına baxmayaraq, sinfi deyil, ümummilli partiya olduğu üçün əkinçilərlə mülkədarlar arasında münaqişələrə son qoymaq istəyirdi.

Əkinçilərlə torpaq sahibləri arasında yaranmış gərginliyin sülh yolu ilə həllinin zəruriliyi həm Azərbaycan Demokrat Firqəsinin təsis bəyannaməsində, həm də Azərbaycan Milli Hökumətinin proqramında öz əksini tapmışdı. Əkinçiləri torpaq sahibi etmək Azərbaycan Demokrat Firqəsinin də arzusu idi. Əslində əkinçilərin torpaq sahibi olması təşəbbüsü Şeyx Məhəmməd Xiyabaninin yaratdığı Azərbaycan Demokrat Firqəsinə məxsusdur. Xiyabani bu işi Güney Azərbaycanda 1920-cı ildə etməyə başlamış, lakin onun qurduğu qısamüddətli muxtar hökumət devrildikdən sonra həmin torpaqlar əkinçilərdən geri alınmışdı. Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti dövründə Azərbaycan Demokrat Firqəsi ümumilikdə 257 066 kvadrat kilometr kənd təsərrüfatı sahəsini pulsuz olaraq torpaqsız əkinçilərə paylamış və 209 096 nəfər əkinçini kənd təsərrüfatına yararlı torpaqlara sahib etmişdi.

İş və işçilər

Azərbaycan Milli Hökuməti işə başladığında mərkəzi hökumətin Güney Azərbaycana qarşı apardığı siyasətlərin nəticəsində işsizliyin faizi olduqca yüksək səviyyədə idi. Bunun aradan qaldırılması və işçilərin vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Milli Hökumətinin vədlərindən biri idi. Azərbaycan Milli Hökuməti bu vədi yerinə yetirmək üçün əlindən gələni etdi. Bəzi səbəblərdən bağlanan fabrik və sexlər dövlətin dəstəyi ilə yenidən fəaliyyətə başladı. Azərbaycan Milli Hökuməti, milli istehsalı inkişaf etdirmək və zavod və emalatxanaları dəstəkləmək üçün Azərbaycanda istehsal olunan məhsulların idxalına qadağa qoymuşdu.

Əmək qanununun qəbulu, illik ödənişli məzuniyyət, minimum əmək haqqının müəyyən edilməsi, 8 saatlıq iş günü qanunu, iş vaxtından artıq ödənişlər haqqında qanun, 14 yaşınadək oğlan və qızların işə götürülməsinə qadağa, işçilərin icbari sığortası Azərbaycan Milli Hökuməti tərəfindən qəbul edilən qərarlar sırasındadır.

Qadınlar və uşaqlar

Azərbaycan Milli Hökuməti qadın və uşaq hüquqlarına böyük əhəmiyyət vermişdi. Nəinki Şərqdə və Yaxın Şərqdə, hətta Qərb dünyasının bir çox ölkələrində qadınların hələ də səsvermə hüququ olmadığı halda, Güney Azərbaycan qadınları Azərbaycan Milli Hökuməti dövründə bu hüququ əldə etməyi bacarmışdı. Qadınların dövlət idarələrində, fabriklərdə, xəstəxanalarda və məktəblərdə işləmək imkanı da var idi. Bundan əlavə, Azərbaycan Milli Ordusunda 300-dən çox qadın işə götürülmüşdü. Bu hadisələr İranın digər bölgələrində qadın hüquqları ilə məşğul olanların da diqqətini çəkmişdi. Hətta İran Qadın Hüquqları Dərnəyi Pişəvəriyə teleqram göndərərək, bu əməllərinə görə onu təbrik etmişdi.

(Azərbaycan Demokrat Firqəsinin qadın üzvləri “Azərbaycan” qəzetini oxuyurlar)

1945-ci il dekabrın 26-da Azərbaycan Milli Hökumətinin qurulmasından cəmi bir neçə gün sonra Güney Azərbaycanda “Azərbaycan Qadınlar Klubu” yaradıldı. Bu təşkilat qısa zamanda Güney Azərbaycanın bir çox şəhərlərində öz filiallarını açıb, qadınları maarifləndirmək üçün ardıcıl konfranslar təşkil etmişdi. Azərbaycanda qadın dərnəklərinin uzun tarixi var idi, lakin Rza şah hakimiyyətə gəldikdən sonra onların hamısı bağlandı. Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan qadınları bir daha mütəşəkkil şəkildə öz hüquq və azadlıqlarını müdafiə etmək imkanı əldə etdilər. Güney Azərbaycan qadınları Azərbaycan Milli Hökumətinin qurulmasında və davam etdirilməsində fəal rol oynamış, hətta bəziləri bu yolda həyatını itirmiş, Azərbaycan müqavimətinin qəhrəmanlarına çevrilmişdi.

Cəmiyyətin ən həssas təbəqəsi olan uşaqlar da mərkəzi hökumətin Güney Azərbaycanla bağlı siyasətindən layiqli paylarını almışdılar. Azərbaycan Milli Hökuməti yarandığı ilk günlərdə qanunlar qəbul etməklə uşaqların, xüsusən də yetimlərin vəziyyətini yaxşılaşdırmağa çalışırdı. Bu barədə Azərbaycan Milli Hökumətinin 1946-cı il yanvarın 6-da qərarı diqqət çəkir. Qanuna uyğun olaraq, 3-14 yaş arası bütün yetim uşaqlar Milli Hökumətin açdığı təhsil mərkəzlərinə aparılmalı, orada təhsil almalı və sığınacaqla təmin olmalı idilər. Səhiyyə Nazirliyinə üç yaşınadək uşaqlara qulluq üçün xüsusi uşaq mərkəzlərinin açılması təklif olunmuşdu.

Son söz

Hətta Demokrat Firqəsinin əleyhdarları, düşmənləri və təbii ki, bitərəf müşahidəçilər də etiraf edirlər ki, bu hakimiyyətin bir il ərzində Güney Azərbaycan xalqına göstərdiyi xidmətləri və gördüyü işləri, Pəhləvi hökuməti son 20 ildə Azərbaycan üçün görməmişdi və daha doğrusu görmək istəməmişdi. Uzun illərdən sonra Güney Azərbaycan türklərinin özlərinə məxsus olan və onlara işləyən hökuməti var idi və bundan yüksək xoşbəxtlik yoxdur. Amma unutmayaq ki, Güney Azərbaycanda milli hökumətin bir illik dövrü Araz çayının hər iki tərəfindəki azərbaycanlılar arasında yaxınlıq, empatiya və münasibətlərin möhkəmlənməsi dövrü idi.

Chosen
21
1
apa.az

2Sources