EN

Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mətbuatına dünənki müsahibəsində ilk dəfə Ermənistanla sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrinin nədən ibarət olduğunu açıqlayıb. Prezident deyib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;

- Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:

- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.

- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl də dəfələrlə bildirib ki, hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün əngələ çevrilib. 

Bəs sülh sazişinə təhdidlər yaradan Ermənistan Konstitusiyası nə vaxt qəbul edilib?

Modern.az-ın məlumatına görə, Ermənistanda konstitusiyadan öncə respublikanın Müstəqillik Bəyannaməsi qəbul edilib. Bəyannamə 1990-cı il avqustun 23-də keçmiş Ali Sovetin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişdirən və ölkənin müstəqilliyini rəsmən elan edən ilk sənəddir. 

Bəyannamədən görünür ki, 1990-cı ildə qəbul edilən sənəd Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi ideologiyanın məhsuludur. Elə bunun nəticəsidir ki, bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır.

Belə ki, bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. 
“Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyə Respublikasının şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır. 

Ermənistanın ilk Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilib. İlk konstitusiyanın qəbulu Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib.

Qeyd edildiyi kimi, konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.

Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar iki dəfə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad olduğu kimi saxlanılıb, əl dəyilməyib.

İlk konstitusiya dəyişikliyi 2-ci prezident Robert Köçəryanın dövründə, ikinci dəyişiklik referendumu isə 3-cü prezident Serj rəhbərliyi altında həyata keçirlib.

Belə ki, 27 noyabr 2005-ci ildə keçirilən referendumla bəzi düzəlişlər edilmiş yeni konstitusiya qəbul edilib.

6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti referendum nəticəsində yenidən konstitusiyada dəyişikliklər edilib və beləliklə də, dövlətin siyasi quruluşu yarıprezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.

Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula (ön söz) və 9 fəsildən ibarətdir.

Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir.

Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək.

Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin ən az 25 faizi və referenduma qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. Amma proseslərin gedişi göstərir ki, Ermənistanda hələ buna hazır deyillər. Analitiklər düşünürlər ki, Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı kifayət qədər ictimai müzakirələr aparılmalıdır ki, ermənilər bunu qəbul edə bilsinlər.

Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da hələ baş nazir olmazdan əvvəl dəfələrlə Konstitusiyanı tənqid edib. Lakin hakimiyyətə gələndən az sonra fikrini dəyişib. Ekspertlərin fikrincə, Paşinyanın fikrinin dəyişməsinə səbəb parlament idarəetmə sisteminin baş nazirə demək olar ki, qeyri-məhdud səlahiyyətlər verməsilə bağlıdır.

Lakin Azərbaycan tərəfinin tələblərindən sonra Ermənistan rəhbərliyində Konstitusiyaya münasibət yenidən dəyişib.

Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, yeni Konstitusiya layihəsi 2026-cı ilin sonuna qədər hazırlanmalıdır. Beləliklə, Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Ehtimal etmək olarmı, yeni Konstitusiya layihəsində rəsmi Bakının tələbi nəzərə alınacaq? Başqa sözlə, Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad yeni Konstitusiya layihəsindən qaldırılacaqmı? Suallara birmənalı cavab vermək çətindir. Rəsmi İrəvan hələ ki Azərbaycanla danışıqlarda konstitusiyadakı iddianı “əlini gücləndirmək” üçün kart kimi istifadə edir...
 

A.Qorxmaz

Chosen
32
50
modern.az

10Sources