EN

Azərbaycanın məhv edilən tarixi abidələri - UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərəcəkmi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irs 30 illik işğal nəticəsində talan olunub, dağıdılıb və mənimsənilib. Təəssüflər olsun ki, istər işğal illərində, istərsə də sonrakı illərdə heç bir beynəlxalq təşkilat, dövlət bu məsələyə nəinki toxunub, əksinə, işğalçının hərəkətlərinə dəstək nümayiş etdirib.
Ermənistanla Azərbaycan arasında yaşanan münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləri - ABŞ və Fransa bu sırada xüsusilə ermənipərəst mövqe nümayiş etdirib.
Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti bunları araşdırmaq, erməni vandalizminin nəticələrini, Azərbaycanın mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciətlər etsə də, buna hələ ki reaksiya yoxdur.
Ötən gün də müvafiq müraciətlərdən biri edilib. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıblar. Qeyd olunub ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib.
Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.
Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb.
Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, bildiriblər ki, bu genişmiqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib:
"Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq "fars məscidi" kimi təqdim edilir".
Məktubda xüsusi qeyd edilir ki, Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, xalqımıza məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edir.
Ermənistan tərəfi də dəfələrlə faktları saxtalaşdıraraq Qarabağda "erməni mədəni-tarixi irsinin dağıdıldığını" iddia edib. Maraqlıdır ki, Azərbaycan mədəni irsinin dağılması, özü də 30 illik tarixinin UNESCO-da, yumşaq desək, soyuqqanlılıqla qəbul edildiyi halda, ermənilərin bir-iki illik "yaratdığı problem" UNESCO-nun diqqət mərkəzinə düşür.
Xatırladaq ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, "mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik" deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus olan mədəni irsin, xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Bu cür yanaşmanın olmadığı və irs anlayışına ikili standart tətbiq edildiyi halda, bu beynəlxalq təşkilat nizamnaməsinə aid funksiyaları tam yerinə yetirə bilməz və bununla vəzifələrini icra etməkdən qaçmış olur.
Yeri gəlmişkən, bu yaxınlarda ABŞ Dövlət Departamenti Ermənistandakı səfirliyi vasitəsilə 2025-ci il üçün mədəniyyətin qorunub-saxlanılması barədə növbəti proqram və qrant layihəsi ilə çıxış edib. Proqramda diqqət çəkən məqamlardan biri odur ki, səfirlik Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlı qeyri-maddi irsin saxlanması layihələrinin təqdim edilməsini təşviq edir.
Hətta hər bir layihəyə 500 min ABŞ dollarınadək vəsait də ayrılır. "Report" bu məsələyə həsr etdiyi məqalədə bu məsələni analiz edib. Qeyd olunub ki, əslində, Birləşmiş Ştatların Ermənistan ərazisində maddi-mədəniyyət abidələrinin qorunub-saxlanması, bərpası istiqamətində apardığı işlər təəccüb doğurmamalıdır. Analoji tədbirlər bütün ölkələrdə həyata keçirilir.
Sadəcə, ABŞ-nin Ermənistandakı səfirliyi vasitəsilə əzəli Azərbaycan torpağında erməni irsinin qorunması ilə bağlı layihələrin proqrama daxil etməsi riyakarlıq və təxribatın bariz nümunəsidir. Bunu təsdiq edən daha bir məqam erməni lobbisinin təsiri altında olan Bayden administrasiyası və ABŞ-nin İrəvandakı səfirliyinin Qərbi Azərbaycan ərazisində minillərlə yaşayan 300 min azərbaycanlıya məxsus tarixi, maddi, mədəni abidələrin qorunması ilə bağlı heç bir təşəbbüslə çıxış etməməsidir.
Bununla bağlı tam məlumat almaq üçün "Report" ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan qovulmuş azərbaycanlıların mədəni irsinin araşdırılması və qorunması ilə bağlı layihələr barədə müvafiq sorğu da göndərib.
Qərb unutmamalıdır ki, tarixən türk torpaqları olan Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir. Rəsmi Bakı da dəfələrlə bu məsələni qabardıb. Təqdim edilən faktlar və rəqəmlər, sadəcə, erməni vandalizminin bir hissəsidir.
Bununla belə, elə sadalanan faktlar da məsələyə aydınlıq gətirə bilər. Sadəcə, bu faktları Qərb dövlətləri diqqətə alsalar, yaxşı olardı. Əks təqdirdə, bu, onun qərəz və ikili yanaşmasının növbəti təzahürü kimi qiymətləndirilə bilər.
"Report" İnformasiya Agentliyi
Chosen
12
3
oxu.az

10Sources