EN

Azərbaycanın D-8-ə üzvlüyü böyük uğurdur

Əli Əsədov təşkilatın Zirvə görüşündə Azərbaycanın Suriya ilə bağlı gözləntilərini də açıqlayıb

Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə  ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamafobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
Baş nazir Əli Əsədov Azərbaycanın D-8-ə üzvlüyünə görə təşəkkürünü bildirib. Deyib ki, Zirvə toplantısında iştirakın isə xüsusi tarixi əhəmiyyəti var. Baş nazir qeyd edib ki, Azərbaycana dost münasibəti və etimad göstərən üzv dövlətlər ölkəmizin D-8-ə üzv seçilməsi ilə bağlı yekdilliklə tarixi qərar veriblər: “Buna görə bütün üzv dövlətlərə minnətdarlığımızı bildiririk. Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə yaxından töhfə verəcək”. 
Əli Əsədov əlavə edib ki, əhalisi ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən D 8 İslam həmrəyliyində mühüm rol oynayır. Baş nazir bildirib ki, dünyada islamafobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatımızda səylərin birləşdirilməsi vacibdir: “Azərbaycan tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayıb və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olub. Ölkəmiz multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib”.
Baş nazir vurğulayıb ki, müasir toqquşmalar və siyasi gərginlik fonunda, geniş regionumuzda təhlükəsizliyin, sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bu xüsusda, Azərbaycan geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq edib: “Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir”. Əli Əsədov qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir: “Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Fürsətdən istifadə edərək COP29-un işinə verdiyi mühüm töhfəyə görə D-8 üzvlərinə təşəkkürümüzü bildiririk”.
Baş nazir D-8 Zirvə görüşündə Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bəyan edib: "Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilib. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib. Hazırda isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək”.
D-8 Zirvə görüşündə Azərbaycanın Suriya ilə bağlı gözləntiləri də açıqlanıb. Baş nazir Ə.Əsədov deyib ki, Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Baş nazir bildirib ki, Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir: “Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaq. Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8-ə üzv olmasını müsbət hal kimi qiymətləndirib: 

"Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik. Qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək". 
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də deyib ki, Azərbaycan D-8-in hədəflərinə çatmasına öz töhfəsini verəcək: "Azərbaycan yeni üzv olaraq D-8-ə qatıldı. Mən qardaş ölkə Azərbaycanı D-8-in yeni üzvü kimi salamlayıram, ona xoş gəldiniz demək istəyirəm”. Baş nazir Şahbaz Şərif Azərbaycanın D-8-in hədəflərinə çatmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.


Chosen
9
49
sherg.az

10Sources