Lənkəranda mağaza sahibinin həmkəndlisini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Separadi kəndində 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovu ondan və işlətdiyi “Ay işığı” adlı marketdən dövlət qurumlarına mütəmadi olaraq şikayət etməsi səbəbindən öldürüb.
Zülfüqar və oğlu 2023-cü ilin noyabr və dekabr aylarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizələri yazıblar. Onlar, həmçinin Bəhruzun işlətdiyi mağazada qanunsuzluqlar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Vergi Xidmətinə də şikayət ediblər. Onlar müxtəlif dövlət təşkilatlarına şikayət ərizəsi yazaraq Bəhruzun xarab məhsul satdığını bildiriblər. Lakin mağazada yoxlamalar nəticəsində şikayətlər təsdiqini tapmayıb.
Bundan sonra Bəhruz Zülfüqardan şikayətləri dayandırmasını tələb edib. Zülfüqar isə Bəhruzdan aylıq ödəniş tələb edib. Üstəlik ona torpaq sahəsi verməsini də bildirib.
Lakin market sahibi Zülfüqarın tələbi ilə razılaşmayıb.
Hadisə baş verən gün də Bəhruza Zülfüqarın onun sahibi olduğu ticarət obyektindən şikayət etməsi barədə məlumat verilib.
Bundan sonra o, marketin qarşısına gedərək Zülfüqarla görüşüb və onu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra 40 yaşlı Bəhruz Məmmədov könüllü olaraq polisə təslim olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli hökmü ilə iş adamı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Telegram kanalımız