EN

2025-ci il Ukraynaya nə vəd edir? - Partiya sədrlərindən proqnoz

"ABŞ Rusiyaya ciddi təsir etməsə, gələn il Ukraynada müharibə davam edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2025-ci ildə Ukrayna savaşı barədə nələri gözlədiyi barədə suala cavabında deyib.
 
Sərdar Cəlaloğlunun fikrincə, tərəflərin mövcud mövqelərini nəzərə alsaq demək olar ki, 2025-ci ildə də Ukrayna savaşında hansısa bir ciddi dəyişiklik olmayacaq:



"Düzdür, son zamanlar qarşılıqlı güzəştlərlə bağlı müəyyən bəyanatlar verilir. Amma bütövlükdə hansısa bir ciddi dəyişiklik olacağını gözləmirəm. Çünki Rusiya beynəlxalq hüquqa zidd tələblər irıli sürür. Ukrayna da öz növbəsində ərazi güzəştinə getməyəcək. ABŞ-ın yeni prezidenti Donald Trampın da qeyri-adi gücü yoxdur ki, vəd verdiyi kimi, müharibəni dayandırsın. Son vaxtlar Rusiya liderlərinin verdiyi bəyanatlar da bu ölkənin təhlükəli siyasət apardığını göstərir. Ona görə də güman ki, savaşla bağlı vəziyyət deyilənlərin əksinə olaraq sakitləşməyəcək, əksinə 2025-ci ildə hələ bir qədər də gərginləşəcək. Xüsusən də nəzərə alaq ki, Avropa İttifaqı ilə Rusiyanın mövqeləri kəskin fərqlənir. Müharibənin 2025-ci ildə də davam edəcəyi ehtimalı böyükdür. Rusiya ciddi güzəştlərə getməsə, ABŞ ona təsir etməsə müharibə davam edəcək".
 
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev qeyd edir ki, Ukrayna müharibəsinin sahibi onu dayandırmaqla maraqlıdır:


 
"2025-ci ildə Ukrayna savaşının dayandırılacağı gözlənilir. Bu savaşın yiyəsi, sahibi Ukrayna deyil. ABŞ başda olmaqla Qərbdir. Ona görə də savaşın sahiblərinə dayandırmaq lazımdırsa, müharibəni dayandıracaqlar. Tramp adminstrasiyası bununla bağlı açıq mövqe ortaya qoyub. Ona görə Rusiya çalışır ki, daha çox əraziləri işğal etsin. Ukrayna da çalışır ki, müqavimət göstərsin. Nəticə etibarı ilə 2025-ci ildə müharibənin dayandırılacağı gözlənilir. Ukrayna itirilmiş əraziləri geri qaytara bilməyəcək. Yəqin ki, bu məsələ dondurulacaq".
 
Yeni Zaman Partiyasının sədri Musa Ağayev düşünür ki, gələn il üçün Ukrayna müharibəsində atəşkəsin əldə olunması gözlənilir:



"Prosesin gedişi Zelenskidən asılı deyil. Hadisələrin bundan sonra necə cərəyan edəcəyi ABŞ-dan asılıdır. Hadisələrin sonrakı gedişi də bu mənada Tramp və ABŞ elitasının prosesdə hansı şərtlərlə və nə qədər maraqlı olmalarından asılıdır. Yeni dünya nizamının formalaşması istiqamətində razılığa gəlsələr, Ukrayna müharibəsi də dayanacaq. Amma aydındır ki, savaşı birdəfəlik son qoyulmayacaq. Onu yalnız hansısa şərtlər daxilində müvəqqəti dayandırmaq mümkün olar".
 
Qeyd edək ki, gələn il üçün Ukrayna ilə Rusiya arasında müharibənin bitəcəyinə olan ümidlər müəyəyn qədər artıb. Müharibəni dayandıracağı vədini verən Trampın Amerikada hakimiyyətə qayıdışı, Zelenskinin özünün son çıxışları ən azından belə düşünməyə əsas verir. 

Rüfət Sultan

Chosen
10
26
qaynarinfo.az

10Sources