"Ermənistan tərəfinin hansı məntiqlə Zəngəzur dəhlizinə imkan verməyəcəyini bəyan etməsini anlamaq çətindir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Vasif Əfəndiyev deyib.
Ekspertin sözlərinə görə, əvvəla bu məsələ üçtərəfli bəyannamənin əsas tələblərindən biridir:
"Digər yandan bu istiqamətdə tərəflər arasında həm danışıqlar gedir, həm də kommunikasiyaların inşası davam etdirilir. Tutaq ki. Ermənistan hakimiyyəti rəsmi olaraq bu razılaşmanı pozmaq haqqında bəyanat verdi. Bəs o zaman qarşı tərəf hansı hərbi və iqtisadi resuslarına güvənərək bu addımı atacaq?! Hesab edirəm ki, ya Ermənistan rəhbərliyi reallıq hissini itirib, ya da bilərəkdən özlərini növbəti öldürücü münaqişəyə doğru sürükləyirlər. Ermənistan nə keçmişdən, nə də indi dünyada gedən proseslərdən nəticə çıxarmaq istəyir".
Siyasi şərhçinin fikrincə, digər məsələ Azərbaycanı Naxçıvanla birləşdirən quru yolun İran ərazisindən keçməsinin mümkünlüyüdür. Müsahibimiz qeyd edib ki, bu barədə artıq İran tərəfi ilə razılaşma mövcuddur. Onun fikrincə, indiki şəraitdə biz alternativ variant olaraq bunu çox ciddi qəbul etməliyik.
Vasif Əfəndiyev: Ermənistan rəhbərliyi reallıq hissini itirib
“Hətta deyərdim ki, bizim üçün bu yolun İrandan keçməsi daha çox əhəmiyyətlidir. Bunun detallarına varmadan və ətraflı izahatını vermədən anlamalıyıq ki, bu layihə gələcəyimiz üçün çox vacibdir", - deyə Vasif Əfəndiyev əlavə edib.
Qeyd edək ki, Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. Onun sözlərinə görə, İrəvan dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinin reallaşmasına imkan verməyəcəklər.
Aydın Baxış