EN

“Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək” - Kamaləddin Qafarov

“Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində dost qonşu ölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.Şimal qonşumuz olan Rusiya ilə münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin tənzimlənməsi baxımından xüsusi önəm kəsb edən bir sənəddir”.

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd olunduğu kimi, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaş ölkədir və buna Azərbaycanın da, Rusiyanın da heç bir şübhəsi yoxdur. “Cənab Prezident Azərbaycan-Rusiya münasibətlərinin səmimiliyini vurğulayaraq bildirdi ki, ölkələrimiz çətin vaxtlarda həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdiriblər, həm də özlərini dostcasına aparıblar”.

K.Qafarov Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətinin unikal xüsusiyyətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini də qeyd edib: “Məlumdur ki, bu gün Azərbaycan həm Qərbin, həm də Şərqin aparıcı dövlətləri tərəfindən müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Buna zəmin yaradan əsas amil Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin özünəməxsus xüsusiyyətləridir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Bu unikal status ölkəmizin qarşısında geniş imkanlar açır. Rusiya ilə NATO ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından hansısa mərhələdə Azərbaycanın səyləri tələb oluna bilər. Nəzərə almaq lazımdır ki, dünyada Azərbaycan qədər etibar qazanmış ölkələr çox azdır. Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar göstərir ki, əgər belə bir ehtiyac olarsa, Azərbaycan gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər”.

K.Qafarov cənab Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın silahlandırılmasına qarşı ifadə olunmuş fikirlərin aktuallığını da diqqət mərkəzinə çəkib: “Azərbaycan bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın davamlılığını təmin etmək üçün əlindən gələni edir. Lakin bəzi Qərb dairələrinin mövqeyi ölkəmizin bu səylərinə ciddi əngəllər törədir. O cümlədən, Fransa bu gün bizim regionumuzda vəziyyətin gərginləşdirilməsinə çalışan ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə Makron hökumətini kəskin tənqidə məruz qoyaraq bildirdi ki, Fransanın Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, Azərbaycanın bu prosesi yalnız kənardan müşahidə edəcəyini gözləmək olmaz və ölkəmiz özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək”.

Chosen
33
50
unikal.az

10Sources