EN

AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər keçirib

Yazını böyüt
Yazını kiçilt

Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi və təhlükəsiz qidalanma ilə bağlı təlimlər təşkil edilib. Təlimlər “Qida məhsullarının təhlükəsizliyi və markalanma”, “Şəxsi gigiyena və sağlam qidalanma” və “İstehlakçı hüquqları” mövzularında olub. İki gün davam edən təlimlər iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanma prinsipləri, şəxsi gigiyena və istehlakçı hüquqları barədə məlumat vermək məqsədilə həyata keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, təlimlər çərçivəsində tələbələr institutun fəaliyyət istiqamətləri barədə də ətraflı məlumatlandırılıb. AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdiri Ziyabəddin Hüseynov ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində fəaliyyət göstərən qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar haqqında məlumat verib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı diqqətə çatdırılıb.

“Qida məhsullarının təhlükəsizliyi və markalanma” mövzusunda keçirilən təlimdə iştirakçılar qida təhlükəsizliyinin əhəmiyyəti, əsas risklər və onlardan qorunma üsulları, o cümlədən qida zəhərlənməsi və simptomları, çirklənmə, mikroorqanizmlər və temperatur rejimi barədə məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının üzərindəki etiket məlumatlarına diqqət yetirilməsinin əhəmiyyəti izah edilib. Məhsulların istehsal və son istifadə tarixi, tərkib hissələri və allergenlər, sertifikatlar və keyfiyyət nişanları haqqında məlumat verilib.

“Şəxsi gigiyena və sağlam qidalanma” mövzusunda təşkil olunan təlim zamanı tələbələr şəxsi gigiyenanı qorumanın qida təhlükəsizliyindəki roluna dair məlumatlandırılıb. Onlara əllərin düzgün yuyulması texnikası, təmizlik, geyim gigiyenası və yemək hazırlayarkən əməl edilməli olan gigiyenik qaydalar barədə məlumat verilib. Eyni zamanda, tələbələrə sağlam qidalanmanın prinsipləri izah edilib. Onlar qida piramidası və balanslı qida qəbulu, zərərli qidalardan uzaq durma yolları və gündəlik normaya uyğun su qəbulunun əhəmiyyəti haqqında məlumatlandırılıb.

“İstehlakçı hüquqları” ilə bağlı keçirilən təlimdə iştirakçılara istehlakçı hüquqlarına dair əsas qanunlar, tələblərə uyğun olmayan məhsulların geri qaytarılması proseduru, təhlükəsiz məhsul seçimi zamanı diqqət yetirilməli olan məqamlar və digər məsələlər barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Təlimlər zamanı mövzuya uyğun praktiki məşğələlər təşkil olunaraq müzakirələr aparılıb və suallar cavablandırılıb. Həmçinin tələbələrin təlimlərdə əldə etdikləri biliklər qiymətləndirilib.

 

Chosen
22
hafta.az

1Sources