EN

“Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbiri keçirildi

19 dekabr 2024-cü il tarixində Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbir Təhsilin İnkişafı Fondunun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin iqtisadiyyata inteqrasiyasının, dövlət-özəl tərəfdaşlığının, təhsil sahəsində innovativ layihələr və proqramların hazırlanmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib.

Təhsilin İnkişafı Fondunun təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirdiyini, infrastruktur layihələri icra etdiyini, habelə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini vurğulayan Elnur Nəsibov, Fondun əsas tərəfdaşlarının dövlət və özəl ali təhsil müəssisələri, sənaye qurumları, banklar və maliyyə sistemləri şirkətləri, yerli və beynəlxalq özəl sektor qurumları olduğunu qeyd edib, bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Elnur Nəsibov həmçinin Fondun 2024-cü il ərzində ictimaiyyət tərəfindən böyük marağa səbəb olan “TələbəPlus” layihəsi barəsində geniş təqdimatla çıxış edib.

Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə təmsil etdiyi qurumun sosial məsuliyyət çərçivəsində Elm və Təhsil Nazirliyi ilə bir çox layihələr həyata keçirdiyini, ölkəmizin gələcəyində əhəmiyyətli rola malik olan tələbələrə töhfə verməkdən qürur duyduğunu səsləndirib. Fərid Hidayətzadə “TələbəPlus” kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini, tələbəlik dövründən maliyyə əlçatanlığını təmin edəcəyini, eləcə də gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacağını vurğulayıb.

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev yeniliklərin adətən bazara gətirildiyində müxtəlif fikirlərlə qarşılandığını, lakin gənclərlə, gələcəyimizlə bağlı yeniliklərə fərqli hisslərlə qarşılıq verildiyini bildirib. İstənilən yeniliyin bizi bir addım qabağa çəkdiyini vurğulayan Nurlan Hacıyev, rəqəmsal ödəmələrdə dünya lideri olan “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmasından məmnunluq hissini bildirib.

TələbəPlus kartının təqdim etdiyi güzəştlərdən yararlanan Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi Həmidə Zeynalzadə tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüb.

Tədbirin gedişatında Təhsilin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev imzalayıblar.

Növbəti əməkdaşlıq memorandumu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın İdarə Heyətinin sədri Şəmil Sadiq arasında imzalanıb.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin təqdimatında bədii hissə ilə yekunlaşıb.

Chosen
9
4
modern.az

5Sources