EN

Karate üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 20 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının (AKF) ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub

AKF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Federasiyanın ənənəvi karate üslubu üzrə rəhbəri Əhməd Əfəndi ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan professor Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nin vitse-prezidenti Rəhman Hətəmov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.

Ölkə birinciliyi və çempionatında 35-dən çox klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb. Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar. Mükafatları idmançılara AKF rəsmiləri təqdim ediblər.

İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, komanda hesabında medalların sayına görə “Fudokan” 1-ci, “Qarabağ” 2-ci yeri tutub. FHN İdman Sağlamlıq Mərkəzinin karateçiləri isə 3-cü pillənin sahibi olublar.

Chosen
25
5
azertag.az

7Sources