Bakı, 20 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın məzunları ilə şəbəkələşmə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə məzun olan proqram iştirakçılarının qarşılanması, onların öncəki ilin məzunları və işəgötürən qurumlarla bir araya gətirilərək şəbəkələşməsinin həyata keçirilməsi olub.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov məzunların ən qabaqcıl universitetlərdə təhsillərini müvəffəqiyyətlə bitirərək Azərbaycanın gələcəyi üçün yeni imkanlar yaratmağa hazır olduqlarını söyləyiblər. Bildiriblər ki, xaricdə təhsil proqramı çərçivəsində qazanılan nailiyyətlər məzunların zəhmətinin, iradəsinin göstəricisidir.
Daha sonra tədbir məzunlar və işəgötürən qurumlar arasında ilkin əlaqə sıxlığının qurulması istiqamətində şəbəkələşmə oyunu ilə davam edib.
Tədbir Dövlət Proqramı məzunları üçün təşkil edilmiş əyləncəli proqram ilə başa çatıb.