Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, yarışda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən AKF-in ənənəvi karate üslubu üzrə rəhbəri, professor Əhməd Əfəndi ölkəmizdə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
AKF-nin vitse-prezidenti Rəhman Hətəmov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.
Yarışın açılış mərasimində bir sıra dövlət xadimləri, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etmişdir.
Qaliblər AKF və Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.
İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçirləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, komanda hesabında medalların sayına görə, Fudokan 1-ci yeri, Qarabağ Karate Klubu 2-ci yeri, FHN - İdman sağlamlıq Mərkəzinin karateçiləri isə 3-cü yeri tutublar.