EN

Rus general Bakı və İrəvana nəyin mesajını verir? - rəy

Gerasimov iddia edir ki, Rusiyanın səyləri nəticəsində Azərbaycanla Ermənistan normallaşma prosesində irəliləyir; ikitərəfli danışıqlar formatında Moskvanın rolu varmı...

“Rusiya Güney Qafqazda konstruktiv tədbirlər görür və əsasən bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib. 

“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür. Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır”, - Gerasimov bildirib. Onun sözlərinə görə, hazırda iki dövlət arasında demarkasiya xəttinin ən çətin hissələrindən birinin - Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında demarkasiyası başa çatıb.

Söhbət Rusiyanın hansı səylərindən gedir? Qazax və Tavuş rayonları arasında sərhədin demarkasiyasında Moskvanın konkret rolu olubmu? Başqa yandan, məlumdur ki, Bakı və İrəvan sülh danışıqlarında artıq ikitərəfli formata üstünlük verir. Azərbaycan Prezidenti bir neçə dəfə bildirib ki, Ermənistanla danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. O da sirr deyil ki, Moskva və ya Qərb sülh sənədinin məhz özlərinin iştirakı ilə imzalanmasına çalışır. Bu xüsusda rus generalın iki ölkə arasında faktiki sülh müqaviləsindən danışması həm də Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaza da inikas olunacağının təzahürü deyil ki? Rusiya-Qərb ziddiyyətləri Azərbaycan-Ermənistan danışıqlarının məntiqi sonluğa çatmasına nə dərəcədə əngəl yarada bilər? 

Yeri gəlmişkən, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycanın səfiri Rəhman Mustafayev xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib. Tərəflər həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.

“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə açıqlamasında iddia edib. Onun dediyinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələrdə konstruktiv iştirak edir. Paşinyan bundan öncə İlham Əliyevin səsləndirdiyi ATƏT-in Minsk Qrupunun buraxılması ideyasını konstruktiv adlandırıb: “Əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın qalmasının nə mənası var?” 

Paşinyan sərhəddən üçüncü qüvvələrin, yəni Ermənistanın çağırıb gətirdiyi Qərb ölkələri nümayəndələrinin yığışdırılması tələbinə də münasibət bildirib. O bunun da əleyhinə olmadığını qeyd edib. Lakin bir şərtlə ki, əvvəlcə sərhədlərin demarkasiyası başa çatdırılsın. 

Oqtay

Oqtay Qasımov

“Yeni Müsavat”ın sualını cavablandıran politoloq Oqtay Qasımovun sözlərinə görə, qələbənin şəriki çox olur, məğlubiyyət isə yetimdir. “İndi danışıqlarda irəliləyiş varsa, hər tərəf özü üçün pay tikməyə çalışır. Rusiya özünün rolu cəhətdən deyə bilər ki, 10 noyabr bəyanatının imzalanmasında vasitəçiliyi, iştirakı olub, məhz üçtərəfli razılaşma əsasında hazırkı danışıqların təməli qoyulub. Sonrakı dövrlərdə də Rusiyanın moderatorluğu ilə görüşlər keçirilib. Yəni Moskva belə təqdim edə bilər. Eyni zamanda, Rusiyanın Qarabağda sülhməramlı missiyası olub və xüsusi insident olmayıb deyə Gerasimov da bu faktorları nəzərə alıb. Bir sözlə, Rusiya özünə pay biçməyə çalışır və Qərbə mesaj verir: biz burdayıq. Demək istəyir ki, Güney Qafqazda hadisələr iradəmizdən kənarda baş vermir”, - deyə ekspert belə şərh edib. Onun fikrincə, Qərb və Rusiyadan açıqlamalar ümumi prosesə əngəl olmur: “Onsuz da hansı tərəf danışıqları irəli aparmaq istəyirsə öz töhfəsini verir, kim mane olmaq istəyirsə kənarda qalmır. Hazırda Qərb sülhdə maraqlı olduğunu bildirir, amma Ermənistanı silahlandırır, revanşa təşviq edir. Həmçinin Qərb diplomatik yolla İrəvanın prosesi əngəlləməsinə təhrik edir. Ümumilikdə sülh danışıqlarını əngəlləmək istəyənlər daha çoxdur”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

Chosen
24
musavat.com

1Sources