EN

2024-cü ildə dünya siyasətində ən YADDAQALAN HADİSƏLƏR

Hər il olduğu kimi, 2024-cü il də regionumuzda və dünya miqyasında bir sıra əhəmiyyətli hadisələr baş verib. Azərbaycan cari ildə özünün dünya miqyasında nüfuzunu daha da yüksəldib.

Bununla yanaşı, 2024-cü il dünya miqyasında güc mərkəzləri arasında münasibətlərin daha da gərginləşməsilə yadda qaldı. Dünyanın bir sıra ərazilərində müharibələr təəssüf ki, bu ildə davam edir.

Görəsən, 2024-cü il dünya siyasətində nələrlə yadda qaldı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, 2024-cü il dünyada baş verən hadisələrin zəngin olması ilə seçilib:

“2024-cü il dünya siyasətində bir çox məsələlərlə yadda qalıb. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ilk dəfə bütün ərazilərimizdə prezident və parlament seçkiləri keçirildi. Azərbaycanın səylərilə işğal altında olan 4 kəndimiz də geri qaytarıldı.

Bu proses davam edir.

Bütün bunların nəticəsində cari ildə Azərbaycanın regionda bir qədər də gücləndiyinin şahidi olduq. “Qayıdış” planı reallaşdırılmaqdadır. Qarabağı yenidən qururuq. Bu proses təbii ki, növbəti illərdə daha böyük vüsətlə davam edəcək”.

Deputat qeyd edir ki, Qafqaz regionunda yola salmaq ərəfəsində olduğumuz ildə ümumən sabitlik hökm sürsə də, dünyanın digər mərkəzlərində gərginlik daha da artıb:

“2024-cü ildə Ukrayna Rusiya cəbhəsində proseslər bir qədər də gərginləşdi.

Bu il müharibə Rusiya ərazisinə də sıçradı ki, həmin məqam da diqqətdən qaçmamalıdır.

ABŞ-da keçirilən prezident seçkilərilə Tramp yenidən hakimiyyətə qayıtdı. O, növbəti 4 ildə Amerikanın Prezidenti olaraq fəaliyyət göstərəcək. Qeyd edim ki, respublikaçılar dönəmində Vaşinqtonun Bakıya yönəlik münasibəti də hər zaman müsbət olub. Ümid edirik ki, bu yaxşı münasibət yenə də davam edəcək. Fransada keçirilən parlament seçkilərində isə Azərbaycana qarşı qərəzli münasibətilə seçilən Makronun partiyası məğlub oldu. 

Yaxın Şərqdə 2024-cü ildə müharibə davam etdi. İsrail HƏMAS və “Hizbullah”la döyüşlərdə onları müəyyən qədər sıxışdırmağa nail oldu. Amma bu münaqişə ocağı hələ də davam edir. Suriyada nəhayət Bəşər Əsəd rejimi devrildi. Ümid edirik ki, bununla Suriyada müharibəyə daha son qoyulacaq.

Digər diqqət çəkən məqam Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsilə bağlıdır. Qonşu İranda baş verən hadisələr, prezident Rəisinin vertolyot qəzasında həyatını itirməsi və azərbaycan əsilli Pezeşkianın Prezident seçilməsi də bu il baş verən hadisələrdir. İranda yaşayan soydaşlarımızla əlaqəli Pezeşkianın verdiyi vədlərin yerinə yetiriləcəyini də gözləyirik”.

Rüfət Sultan, Bizim.Media

Chosen
14
bizim.media

1Sources