EN

Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir. Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusuna həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Vahid ruhani formasının qəbulunda məqsəd - hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır", - deyə sədr qeyd edib.

Qeyd edək ki, dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.

Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.

Chosen
5
10
day.az

10Sources