EN

“Onlayn növbə sistemi xaosun minimuma enməsinə müsbət təsir edib” - Yenilənib

“Bu ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə tibb müəssisələrində 348 mindən çox cərrahi əməliyyat icra olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib.

O bildirib ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib:

“Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb. 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir”.

V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib.

Bundan başqa, o bildirib ki, bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.

Onun sözlərinə görə, ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb: “Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.

Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlifprofilli tibb müəssisələrinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 min 200 - 2 min 300 arasında dəyişir”.

Vüqar Qurbanov onlayn növbə sistemindən də danışıb. O bildirib ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur.

Onun sözlərinə görə, layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib: “Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.

Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılması da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib”.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün müvafiq altsistem qurulub”. 

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. 

O qeyd edib ki, qurulan sistem çərçivəsində çağırışçıların tibbi göndərişləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür: “Əlavə olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyinə əsasən təkrar müayinələrə ehtiyac yaranarsa, müvafiq qaydada elektron sistem üzərindən yenidən göndərişlər qəbul edilib, zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür. 2024-cü ildə 100 minə yaxın elektron müraciət icra edilib”.

V.Qurbanov bildirib ki, təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır.
 
Onun sözlərinə görə, nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib, həmçinin 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır: “Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq.
Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin vebsaytlarının qurulması, qurumun vebsaytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib”.

Gülnar Əliyeva

Chosen
5
5
qafqazinfo.az

7Sources