EN

Əhməd əş-Şara: Türkiyə həmişə Suriya xalqına dəstək olub

Suriya administrasiyasının yeni başçısı Əhməd əş-Şara və Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında danışıblar. Məlumatı “Anadolu” verib. 

“Suriyada yeni dövr başlayıb və mən nazir Fidanı Dəməşqdə salamlamaqdan məmnunam. Fidanla Suriyanın gələcəyi ilə bağlı problemləri və məsələləri ətraflı müzakirə etdik. Suriyanın gələcəkdə necə olacağını müzakirə etdik”, - deyə o bildirib.

Suriya lideri çıxışında dost ölkə Türkiyənin inqilabın əvvəlindən Suriya xalqını dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər əksər qonşu ölkələrin müsbət yanaşmasını müzakirə ediblər: “Biz hökumətin gələcək fəaliyyətindən danışdıq. Xüsusilə, Müdafiə Nazirliyinin vacibliyini və silahların yalnız dövlət nəzarətində olmasını vurğuladıq. Dövlətdən başqa heç bir qrupun silahı olmamalıdır”.

Türkiyə ilə Suriya arasında strateji əlaqələrin necə inkişaf edəcəyini də müzakirə etdiklərini deyən əş-Şara iki ölkə arasında siyasi, iqtisadi və sosial strateji əlaqələrə diqqət çəkib: “Türkiyə Suriyanın inkişafında kömək etməyə hazırdır. Dost ölkə olan Türkiyə inqilabın əvvəlindən Suriya xalqına dəstək olub. Suriya bunu unutmayacaq və iki ölkə arasında strateji əlaqələr qurulacaq”.

Suriya lideri əlavə edib: “Bizim nəzarətimizdə və PKK/YPG-nin nəzarətində olan bölgələrdə heç bir qrupun əlində silah olmasını qəbul edə bilmərik”.

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
3
xalqqazeti.az

1Sources