EN

Azərbaycana qarşı hibrid təhdidlər: “Lawfare” və dezinformasiya ŞƏRH

Bakı, 23 dekabr, AZƏRTAC

Dünyanın 200-ə yaxın ölkəsinin səsi ilə 2023-cü ilin dekabrın 9-da Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi barədə qərar qəbul olundu. Bir çox mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edə bilən dövlətimiz COP29-a da qısa müddətdə sürətlə hazırlaşa bildi. Azərbaycanın böyük uğurlara imza atmasını qəbul edə bilməyən bəzi ölkələr bizə qarşı qarayaxma kampaniyalarına başlayaraq, tədbirin mahiyyətindən uzaq fikirlər səsləndirməyə, siyasi oyunlar qurmağa çalışırdılar.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O xatırladıb ki, müstəqilliyimizi əldə etdikdən sonra da bizə qarşı hücumlar aparılırdı. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən və 2023-cü ilin sentyabr ayında suverenliyimizin tam bərpa edilməsindən sonra ölkəmiz sistemli və mütəşəkkil şəkildə dezinformasiya və qarayaxma kampaniyalarına məruz qalmağa başladı. Regionda yaratdığımız sülh reallığını qəbul edə bilməyənlər, ölkəmizə qarşı uzun müddətdir qurduqları planın dağıdılmasının qisasını almağı düşünənlər əllərinə düşən “fürsətdən” yaralanmaq istəyərək dövlətimizə qarşı aparılan informasiya əməliyyatlarını daha da kəskinləşdirərək, kütləvi hal almasına və əlaqələndirilmiş formada aparılmasına çalışırlar.

“Azərbaycana qarşı hibrid təhdidlər iki istiqamət üzrə - dezinformasiya və “Lawfare” xətti ilə aparılır. Dezinformasiya, əsasən, media qurumları, insan hüquqları təşkilatları, ayrı-ayrı QHT-lər adı altında fəaliyyət göstərən, əslində isə müəyyən dövlətlərin maliyyə və siyasi dəstəyi əsasında konkret sifarişlər yerinə yetirənlər tərəfindən həyata keçirilir. Eyni zamanda, onların maliyyələşmə mexanizmləri qeyri-şəffafdır və erməni lobbi təşkilatlarının da maraqlarını təmsil edir.

Hibrid təhdidin “Lawfare” növü isə əsasən, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları vasitəsilə aparılır. Əvvəllər bu fəaliyyət “pərakəndə” formada aparılırdısa, indi vahid koordinasiya və hərəkətlərlə edilir. COP29 yaxınlaşdıqca bir sıra parlamentlər hibrid təhdiddən siyasi təzyiq aləti kimi istifadə etməyə çalışırdılar. Buna misal kimi, beynəlxalq təşkilatlar olan AŞPA və Avropa Parlamentinin, ABŞ, Niderland, Fransa və İsveçrə kimi ölkələrin parlamentlərinin səlahiyyətlərini aşan qərar və hərəkətləri, COP tədbirinin ruhuna zidd, Azərbaycan xalqına qarşı cinayət törətdiklərinə görə haqlarında hüquqi tədbirlər görülən şəxslərin azad olunması, onların “siyasi məhbus” adlandırılması kimi səviyyəsiz və bizim üçün əhəmiyyətsiz qərarların qəbulunu qeyd etmək olar”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloq deyib ki, bütün məkrli planlara baxmayaraq, COP29 tədbiri çox yüksək səviyyədə təşkil edildi. Dünyanın 80 ölkəsinin, o cümlədən beynəlxalq və regional təşkilatların rəhbərləri, QHT nümayəndələri, transmilli şirkətlərin təmsilçiləri, nüfuzlu elm adamları olmaqla ümumilikdə qeydiyyatdan keçənlərin sayı 80 minə yaxın idi. İqlim dəyişikliyinin qarşısının alınması üçün nəzərdə tutulmuş sahələr üzrə panel görüşləri, müzakirələr aparıldı. Yekunda Paris sazişi üzrə əsas prioritet məsələ olan iqlim dəyişikliyinin qarşısının alınması üçün bu zamana qədər ayrılmış ən yüksək maliyyənin ayrılması haqqında qərar qəbul edildi.

“İqlim dəyişikliyinin qarşısının alınması, gələcək nəsillərə təmiz dünya bəxş edilməsi kimi müqəddəs işi öz cılız ambisiyalarına alət etmək istəyən qüvvələrin niyyətləri puç oldu. Yəni, COP29-un Liderlər Sammitinin açılış mərasimi zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu, onlara pis xəbər oldu”, - deyə Y.Hacızadə əlavə edib.

Chosen
23
azertag.az

1Sources