EN

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik layihələri hazırlanıb

"ESG (ekoloji, sosial və korporativ idarəetmə) yanaşmasının tətbiqində sosial komponent mühüm əhəmiyyət kəsb edir və burada əsas diqqət əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və iş yerlərinin təhlükəsizliyinə yönəlir".
 
Moderator.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda deyib.
 
N. Mirzəyevanın sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti sosial qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüb: "Əsas dəyişikliklərdən biri gender bərabərliyinə nail olunması və qadınların hüquqlarının genişləndirilməsi ilə bağlıdır.
 
Əmək qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, qadınların bir sıra ağır və zərərli işlərdən kənarlaşdırılması məhdudiyyəti aradan qaldırılıb. Bunun əvəzinə, yalnız hamilə və 1 yaşına qədər uşağı olan qadınlar üçün xüsusi iş yerlərində işləmək qadağası tətbiq edilib. Nəticədə, qadınların əməyinin qadağan olunduğu iş yerlərinin sayı 700-dən 200-ə qədər azaldılıb.
 
Bununla yanaşı, ezamiyyətlər, əlavə iş saatları və qeyri-iş günlərində qadınların işə cəlb edilməsi ilə bağlı yeni qaydalar təsbit edilib. Xüsusilə, 14 yaşına qədər uşağı olan, hamilə və ya 18 yaşına qədər əlilliyi olan uşağı olan qadınların yalnız razılıq əsasında bu cür işlərə cəlb olunması qanuniləşdirilib. Bu dəyişikliklər nəticəsində Azərbaycanın Dünya Bankının gender bərabərliyi reytinqində indeksi 7 % artaraq 85-ə çatıb".
 
Xidmətin rəis müavini əlavə edib ki, hazırda gender bərabərliyinin təmin edilməsi ilə bağlı digər qanunvericilik layihələri də müzakirə olunur: “Bunlardan biri seksual qısnamaya qarşı tədbirlərin gücləndirilməsi, digəri isə eyni əmək üçün qadın və kişilərin bərabər əmək haqqı almasını təmin edən 100 nömrəli konvensiyanın tətbiqi ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir”.
 
Chosen
11
1
moderator.az

2Sources