EN

Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı- Patel çətinliyə düşdü...

Image

Elşad Həsənov: “Düşünmürəm ki, hazırkı administrasiya dövründə sülh sazişi imzalansın”

Hazırkı administrasiya son günə kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel “ABŞ-ın səyləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxarmayıb. Rəsmi Vaşinqton bundan məyus olubmu” sualını cavablandırarkən deyib.

“Biz məyusluqlara diqqət yetirməməyə çalışırıq və sadəcə işləməyə davam edirik. Katib Blinken bir müddət öncə deyib ki, bir çox məsələlərdə nəticə əldə etmək üçün uzun müddət lazımdır.  Bu məsələ bu administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb edir. Biz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”, deyə o qeyd edib.

Maraqlıdır, Bayden administrasiyası bu məsələdə uğursuzluğunu niyə etiraf etmir? Son günə qədər bu məsələ üzərində işləmək nəyi dəyişəcək ki?

“Ümid edirdilər ki, tərəflər arasında sülh sazişi imzalanacaq və bu, Bayden administrasiyasının aktivinə yazılacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov buna bir neçə aspektdən yanaşdı: “Bəli, Bayden administrasiyası Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq üçün müəyyən cəhdlər etdi, moderatorluğu ələ almağa çalışdı. O cümlədən, müəyyən işlər də gördü. Nəzərə almaq lazımdır ki, bu ilin mayında Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın 4 günlük görüşü oldu. Bilavasitə Entoni Blinkenin vasitəçiliyi ilə. Müəyyən məsələlərdə də razılığa gəlindi. Artıq həm Ermənistan, həm də Azərbaycan rəsmi səviyyədə etiraf edirlər ki, sülh sazişi ilə bağlı 17 maddədən 15-i razılaşdırılıb. Ümumən, razılaşmalarda ABŞ-ın müəyyən rolu olub. Baxmayaraq ki, Azərbaycan Ermənistanla vasitəçi olmadan birbaşa danışıqlara önəm verir. ABŞ çalışırdı ki, ilin sonuna qədər tərəflər arasında sülh sazişi imzalansın. Hətta prezident Cozef Bayden Azərbaycan və Ermənistan dövlət başçılarına bununla bağlı məktub da ünvanlamışdı ki, heç olmasa ilin sonuna qədər sülh müqaviləsi bağlansın. Ancaq onu da qeyd etmək lazımdır ki, bu gün dünyada hegemonluq etmək istəyən ABŞ-ın hazırkı hakimiyyəti öz fəaliyyəti ilə buna nail ola bilmədi. Yəni tərəflər arasında sülh sazişi imzalanmadı. Halbuki, bununla bağlı gözləntiləri var idi. Ümid edirdilər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq və bu, Bayden administrasiyasının aktivinə yazılacaq. Ancaq bu məsələdə Azərbaycanın dövlət marağı var. O da ondan ibarətdir ki, imzalanacaq sülh müqaviləsi dayanıqlı olsun. Yəni sülh müqaviləsi xatirinə sülh müqaviləsi imzalamağa gərək yoxdur. Burada da əsas maneə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Bu, Ermənistan Konstitusiyasından çıxarılandan sonra biz digər məsələləri razılaşdırmaqda çətinliklə üzləşməyəcəyik. O cümlədən, Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, tərəflər arasında anlaşma əldə ediləndən sonra ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. Çünki Minsk Qrupu Qarabağ münaqişəsinə görə yaradılmışdı. Artıq neçə vaxtdır bu münaqişə həll olunub. BMT-nin məlum 4 qətnaməsi yerinə yetirilib. Ancaq problem ondadır ki, Ermənistan hakimiyyəti Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxarmır. Bu ilin sentyabrında Konstitusiya Məhkəməsinin verdiyi izahatla kifayətlənir. Üstəlik, Bayden administrasiyası da bununla bağlı Ermənistana təzyiq göstərmədi. Digər maraqlı məqam ondan ibarətdir ki, Patel bu məsələnin administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb etdiyini deyir. Ancaq düşünmürəm ki, hazırkı administrasiya dövründə sülh sazişi imzalansın. Ən azından ona görə ki, Ermənistan Konstitusiyadan ərazi iddiası çıxarılmayıb. Bu baxımdan yanvarın 20-nə qədər sülh sazişi ilə bağlı hansısa nikbinliyə əsas görmürəm”.

Vidadi ORDAHALLI





Chosen
25
baki-xeber.com

1Sources