EN

Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü

Dekabrın 22-nə keçən gecə İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 2000-ci il təvəllüdlü Səfər Etibar oğlu Rəşidov və həmyaşıdı Şükür Araz oğlu Şükürlü Oğuzun Qumlaq kənd sakinləri olublar.

Hadisə vaxtı onların həmkəndliləri olan 1997-ci il təvəllüdlü Orxan Mehman oğlu Rəhimli və 1998-ci il təvəllüdlü İsmayıllı sakini Tural Eldar oğlu Allahverdiyev xəsarətlər alıblar.

Bildirilir ki, qəzaya düşən şəxslərdən sürücü Orxanla İsmayıllı rayon sakini Tural tələbə vaxtı eyni yerdə təhsil alıblar. Qumlaq kəndində yaşayan dostlar Turalın dəvəti ilə İsmayıllıya yola düşüblər. Bu zaman Orxan içki qəbul edəcəyini bildirib və spirtli içki qəbul etməyən həmkəndlisi Şükürün də ayıq sürücü kimi onları müşayiət etməsini, qayıdarkən avtomobili idarə etməsini xahiş edib.

İsmayıllıda yeyib-içdikdən sonra Orxan ayıq sürücüyə ehtiyac olmadığını, avtomobili özü idarə edəcəyini bildirib. Spirtli içkinin təsiri altında olan O.Rəhimlinin sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.

Nəticədə ayıq sürücü kimi məclisə getmiş Şükür Şükürlü ilə avtomobildə olan Səfər Rəşidov aldıqları xəsarətlərdən vəfat ediblər. Sürücü Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: oxu.az

Chosen
5
16
oxu.az

10Sources