EN

İnanırdıq ki, bu gün gələcək

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 21 ildə uğurla davam etdirən Prezident İlham Əliyev 30 ilin işğalına son qoyub ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi

«Təqvimimizə kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.» Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın zəfərlərini, eyni zamanda, bu qələbələrə nail olmaq üçün Vətən övladlarının canlarından keçərək tarix yazdıqlarını təqdim edir. 30 illik işğal dövrünün arzu və istəklərini bu gün tamamilə fərqli hədəflər, çağırışlar əvəzləyir. Bu uğurlara nail olmaq üçün Azərbaycan xalqı çətinliklərə sinə gərdi, faciələrlə üz-üzə qaldı, amma heç zaman ruhdan düşməyərək irəliyə doğru addımladı. Təbii ki, buna əsas verən dövlətimizin düşünülmüş siyasəti və onun uğurlu nəticələridir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında başlanan yeni dövr möhkəm təməlin yaradılması ilə xarakterizə edildi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı, ölkəni hədəfdən-hədəfə doğru apararaq 2003-cü ildə xalqa tarixi 1 oktyabr müraciətini etdi. Bu müraciət Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə Azərbaycanın uğurlarının və 2003-cü ildən başlanacaq yolun hədəflərinin təqdimatı oldu. Prezident İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

21 il Azərbaycanın tarixinə möhtəşəm uğurları yazdı və cənab İlham Əliyev ötən ilin sentyabr ayında rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsindən, Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdıqdan sonra Xankəndi şəhərindən xalqa müraciətində «Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək» söyləyərək keçilən yolun təqdimatını etdi. Cənab İlham Əliyev bu reallığı da qeyd etdi ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizdən əvvəl çıxışlarına, müsahibələrinə diqqət yetirsək bu inamın ifadə edildiyini görərik- Tezliklə üçrəngli Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu əminliyə əsas verən tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimiz, informasiya cəbhəsində üstünlüyə malik olmağımız idi. Dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə uğurla inkişaf edərək təcrübəsi nümunə göstərilir. Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi fonunda ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir.

Zəfər zirvəsindən son 21 ilə diqqət yetirsək Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinin görüldüyünü görərik. Azərbaycan iqtisadi qüdrətini artırdı və bu tərəqqi bütün sahələrdə uğurlu addımları şərtləndirdi. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezidentin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.

Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Atılan bütün addımların, icra edilən hər bir layihənin, qəbul olunan qərarların bir məqsədi var idi- Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək sona çatdıra bilmədiyi işlərin xalqın dəstəyi ilə Onun həyata keçirəcəyinə əminliyini ifadə etmişdir. Son 21 ilin uğurları dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu inamı doğrultduğunu, Heydər Əliyev siyasətinə sadiqliyini, hər bir vədini konkret əməli işi ilə təsdiqlədiyini nümayiş etdirdi. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. «Dəmir yumruq» Vətən müharibəsinin rəmzinə çevrildi. Bu yumruq, eyni zamanda, Azərbaycanın gücünün, qüdrətinin təqdimatı idi. Ölkəmiz son 21 ildə hər bir sahədə uğurlu addımları ilə diqqətdə oldu. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilən Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdı. İqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Hədəfləri zamanın tələblərinə uyğun müəyyənləşdirən Prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin iqtisadi rayonların yeni bölgüsü ölkəmizin qarşıdakı illərin aydın mənzərəsini yaradır. Həyata keçirilən siyasət Azərbaycanın gələcəyinə daim nikbin baxmağa əsas verir.

Görülən işlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzunu, siyasi çəkisini artırdı. Dövlət başçısının qlobal təşəbbüsləri dəstəkləndi, Azərbaycanın bugününə və gələcəyinə inam daha da artdı. Təkcə son illərdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə diqqət yetirsək Prezident İlham Əliyevin təşəbbüslərinin, qərarlarının nə qədər əhəmiyyətli olduğunu, birliyə, həmrəyliyə çağırışı özündə ehtiva etdiyini görərik. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar Azərbaycanı sabitləşdirici aktor kimi dünyaya təqdim edir. Azərbaycan Prezidentinin dünyanı birləşdirən Lider imici qazanması da təsadüfi deyil. Bu baxımdan ki, Azərbaycan daim bu çağırışı edir ki, səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Bu çağırışların əsasında, eyni zamanda, Azəbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi dayanır. Azərbaycan cənab İlham Əliyevin qətiyyəti sayəsində dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, onların zamana və məkana görə tətbiqi mümkünsüzdür.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumlarının aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Tarixi Zəfərimiz türk dünyasının birliyini daha da möhkəmləndirdi. Cənab İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirərək birgə səylərin göstərilməsini vacib amil kimi önə çəkir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də bu birlik özünü aydın şəkildə nümayiş etdirir.

Bu gün dünya Azərbaycan-Türkiyə qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində «Azərbaycan tək deyil» mesajını dünyaya çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sona qədər ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Azərbaycan və Türkiyə dünyaya qardaşlığın nümunəsini göstərirlər. Hər zaman bir yerdə olan iki dost, qardaş ölkə türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədirlər. 2021-ci ildə Azərbaycan Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atıdığı addımların, irəli sürdüyü təşəbbüslərin xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edirdi ki, biz birlikdə güclüyük.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və möhkələnən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Üç ildir bu istiqamətdə müxtəlif məkanlarda və formatlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipinə söykənən təklifi dəstəklənir. Ermənistanın havadarlarının sifarişləri əsasında addım atması prosesin hələ də uzanmasına səbəb olur.

Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirir. 4 ildə görülən işlərin xronologiyasını belə təqdim etmək mümkün deyil. Onların miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Bu işlərin əsasında ölkəmizin şəhərsalma təcrübəsi də diqqətdədir. Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma forumlarına ev sahibliyi etməklə həm ermənilərin bu ərazilərimzdə törətdikləri dağıntıları, eyni zamanda, Azərbaycan xalqının sıfırdan bu torpaqlarda həyata keçirdiyi quruculuq işlərini dünya ictimaiyyətinə çatdırdı.

Reallıq budur ki, tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Qeyd etdiyimiz kimi, ötən ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyev bu çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Ölkə Prezidentinin 20 ildə verdiyi hər bir vədi yerinə yetirməsi yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirdi ki, bu da ölkəmizdə prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində yeni dövrün hədəflərini açıqlayarkən 7 fevral tarixinə təyin edilmiş prezident seçkilərini zərurətə çevirən amilləri də diqqətə çatdırdı. Bildirdi ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır. Çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Digər səbəb ondan ibarətdir ki, Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcək.

7 fevral tarixində tarixində prezident seçkiləri keçirildi. Həm ölkəmizin həyatında, həm də demokratik inkişaf tariximizdə yeni dövr başladı. Bu dövr arxada qalan 20 ilin ümumiləşdirilmiş ifadəsi, gələcək planların təqdimatıdır. Cənab İlham Əliyev seçkilərdə inamlı qələbəsini təmin etdikdən sonra andiçmə mərasimində bildirdi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: «Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.» Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il Bakıda Zəfər parkının açılışında bildirdi ki, xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimiz, tarixi zəfərimizdir.

Hazırda Qarabağ, Şərqi Zəngəzur dirçəlir, dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Soydaşlarımız doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdaraq 30 ildən sonra bu torpaqlarda olmağın sevincini, qürurunu yaşayırlar. Xalqımızın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları hələ də davam edir. Günümüzün reallıqları dövlətimizin başçısı İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söyəldiyi fikirləri yada salmağa çağırış edir. «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» söyləyən Müzəffər Ali baş Komandan İlham Əliyev onu da bildirdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Dövlətimizin başçısının çağırışlarla, mesajlarla zəngin olan hər bir çıxışı, müsahibəsi bir mənbədir. Cənab İlham Əliyev uğurlarımıza, zəfərlərimizə söykənərək bu çağırışı edir ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
12
ikisahil.az

1Sources