EN

APL: “Qarabağ” birinci, “Kəpəz” sonuncudur

Azərbaycan Premyer Liqasında XVIII tur geridə qalıb.

FutbolPress“in məlumatına görə, bu mövsüm ev oyunlarında ən yaxşı nəticə əldə edən “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri doğma arenada keçirdiyi 9 matçda 8 qələbə qazanıb, 1 dəfə uduzub. 26 qol vuran “atlılar” qapısında 4 qol görüb. “Qarabağ”ın bu mövsüm çempionatda ev oyunundakı yeganə məğlubiyyəti “Turan Tovuz”la matçda (0:1) qeydə alınıb. Premyer Liqada 47 xalla lider olan komanda bu xalların demək olar yarısını (24 xal) evində toplayıb.

“Evində” ən yaxşı nəticəyə imza atan ikinci komanda “Turan Tovuz”dur. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 9 oyunda 5 qələbə qazanıb, 1 dəfə uduzub, 3 görüşdə isə qalib müəyyənləşməyib. Tovuz təmsilçisi bu görüşlərdə 11 qol vurub, 7-ni buraxıb. “Turan Tovuz” 32 xalla çempionatda 3-cü sıradadır və bu xalların yarısından çoxunu evində toplayıb (18 xal).

Bu göstəricidə “3-lüy”ü “Araz-Naxçıvan” tamamlayır. Naxçıvanda stadionun hələ hazır olmaması səbəbindən ev oyunlarını Mərdəkanda “Liv Bona Dea Arena”da keçirən komanda 9 ev matçında 5 qələbə qazanıb, 2 dəfə uduzub. Maraqlıdır, bu mövsüm 18 turda yalnız 2 məğlubiyyəti olan “Araz-Naxçıvan”ın xalsız qaldığı matçlar ev oyunlarına təsadüf edib. Komanda bu görüşlərdə 10 qol vurub, 9-nu buraxıb. 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Araz-Naxçıvan” bu xalların 17-ni Mərdəkanda toplayıb.

Bu mövsüm ev oyunlarında ən pis göstərici isə “Kəpəz”ə aiddir. Gəncədə stadionun yenidənqurulması ilə əlaqədar rəqiblərini Tovuzda qəbul edən “Kəpəz” burda 9 oyunda 6 dəfə uduzub. Cəmi 2 oyunda qələbə qazanan “sarı-göylər” bir matçdan da bir xalla ayrılıb. 7 qol vuran “Kəpəz” 22-ni də buraxıb.

Şahin Cəfərov

Chosen
13
futbolpress.az

1Sources