EN

Azərbaycan D-8-in tarixində ilkə imza atıb

Əliməmməd Nuriyev: “Ölkəmizin təşkilata üzvlüyü yeni imkanların qapısını açır”

19 dekabr 2024-cü il Azərbaycan tarixində növbəti əlamətdar gün kimi yadda qaldı. Misirin paytaxtı Qahirədə keçirilən XI D-8 Sammitində ölkəmiz yekdilliklə bu təşkilatın üzvü seçildi. Bu qərar Azərbaycan diplomatiyasının növbəti böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur: “Bu, bizim üçün qürur mənbəyidir”. 

Nominal Ümumi Daxili Məhsulu 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu, dünya əhalisinin 16.0 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək.

Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı, yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir.  Təşkilat 15 iyun 1997-ci il tarixində yaradılıb.

Əliməmməd

Əliməmməd Nuriyev 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi böyük tarixi hadisə oldu. 

O qeyd etdi ki, D-8 təşkilatı təkcə iqtisadi güc deyil, həm də mədəni və strateji bir platformadır. Bu təşkilatın üzvü olan ölkələr dünya müsəlmanlarının 60%-dən çoxunu təmsil edir və birlikdə 4 trilyon dollardan artıq iqtisadi potensiala malikdirlər. Azərbaycan üçün bu platformaya qoşulmaq yeni perspektivlər və inkişaf yolları açır: “Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri qeyri-neft sektorunun inkişafıdır. D-8 ölkələrinə üzvlük bu sahədə geniş imkanlar təqdim edir. Kənd təsərrüfatı məhsulları, sənaye malları və texnologiya ixracı üçün yeni bazarlar açılacaq. Məsələn, İndoneziya, Pakistan və Nigeriya kimi böyük əhali bazarlarına çıxış ölkəmizin ixrac həcmini artırmağa imkan yaradacaq.

D-8 ölkələri arasında iqtisadi əməkdaşlıq Azərbaycanın investisiya cəlbi imkanlarını artırır. İlkin təxminlərə əsasən, təşkilat çərçivəsində Azərbaycan iqtisadiyyatına hər il 5-10 milyard dollar həcmində sərmayə cəlb oluna bilər. Bu investisiyalar əsasən infrastruktur, turizm, kənd təsərrüfatı və yaşıl enerji sektorlarına yönələ bilər.

Azərbaycanın belə nüfuzlu təşkilatlarda təmsil olunması ölkəmizin beynəlxalq etimadını daha da artırır. Bu, təkcə müsəlman ölkələri ilə deyil, həm də digər böyük iqtisadi qüvvələrlə əməkdaşlıq potensialını genişləndirir".

Ə.Nuriyevin sözlərinə görə, D-8 üzvlüyü Azərbaycanın regionda strateji mövqeyini də möhkəmləndirir. Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, həm də tranzit, logistika və əməkdaşlıq mərkəzi kimi regionda önəmli rol oynayacaq: “Bundan başqa, D-8-in iqtisadi xarakteri Azərbaycanın balanslı xarici siyasətinə uyğun gəlir. Bu təşkilat vasitəsilə həm İslam dünyası ilə, həm də digər ölkələrlə əlaqələri inkişaf etdirmək mümkündür. Belə əməkdaşlıqlar təkcə ticari deyil, həm də mədəni və texnoloji mübadiləni dəstəkləyə bilər.

Təbii ki, hər böyük nailiyyət özünəməxsus çağırışlar da gətirir. Azərbaycanın D-8-də iştirakını daha səmərəli etmək üçün ixrac məhsullarının rəqabət qabiliyyətini artırmaq, təşkilatın prosedur və standartlarına uyğunlaşmaq, regional və beynəlxalq əməkdaşlıqlar üçün yeni strategiyalar hazırlamaq vacibdir.

Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi təkcə bir diplomatik nailiyyət deyil, həm də ölkəmiz üçün yeni imkanların qapısını açan tarixi qərardır. Bu üzvlük Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, iqtisadiyyatı gücləndirəcək və xalqımız üçün daha firavan bir gələcəyə töhfə verəcək.

Bu uğur Azərbaycanın güclü, müasir və dayanıqlı dövlət quruculuğu yolunda daha bir addımıdır".

Yazını hazırladı: Etibar SEYİDAĞA

Chosen
9
musavat.com

1Sources