Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan dünən özünün sosial şəbəkə səhifəsində özündən əvvəlki hakimiyyətlərə eyham vuraraq “1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesinin yalnız dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı aparıldığını” yazıb.
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Paşinyanın bu iddiası sabiq prezidentlər tərəfindən hiddətlə qarşılanıb. Bunu görən Paşinyan dediklərini sübut etmək üçün sabiq Ermənistan rəhbərlərini canlı debata çağırıb: “Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram”.
Lakin Paşinyanın çağırışına heç bir sabiq prezident müsbət cavab verməyib. Robert Koçaryanın sözçüsü Baqrat Mikoyan Nikol Paşinyanın debatda iştirak çağırışına cavab verərək iddia edib ki, “Qarabağın Azərbaycana verilməsi” Paşinyanın “xidmətidir” və bu mövzuda müzakirə aparmağa ehtiyac belə qalmır: “Heç kim “TikTok”-dakı komik personaj olan bu adamla – baş nazirlə ciddi mövzuları müzakirə etməyəcək”.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın sözçüsü isə Paşinyana “özü-özü ilə debat aparmağı” məsləhət görüb: “Nikol Paşinyan - Nikol Paşinyan debatı təkcə Qarabağ məsələsində deyil, istənilən başqa mövzuda da son dərəcə faydalı olardı”.
“AzPolitika.info”