EN

Zelenski Slovakiya Baş Nazirinə rüşvət təklif edib?

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş Naziri Robert Fitsoya Rusiyadan qaz tranzitinin dayandırılmasından sonra yaranacaq itkiləri kompensasiya etmək üçün 500 milyon avro təklif etdiyini bildirib. Lakin Fitso bu təklifi "rüşvət cəhdi" kimi qiymətləndirib və Zelenskinin Ukraynanı NATO-ya dəvət etmək üçün bu addımı atdığını iddia edib. Bu məsələ artıq beynəlxalq müzakirələrə səbəb olub və Zelenskinin cinayət məsuliyyətinə cəlb olunması ehtimalı ortaya çıxıb.

"Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk bu məsələ ilə bağlı Belçikanın federal prokurorluğuna müraciət edib. O, Zelenskinin bu hərəkətinin yalnız Ukrayna və Slovakiya qanunlarını deyil, həm də Belçika qanunlarını pozduğunu iddia edir. Çünki təklifin Brüsseldə, Belçikanın Korrupsiyaya Qarşı BMT Konvensiyasını ratifikasiya etdiyi bir ölkədə edildiyi bildirilir.

"Zelenskinin Slovakiya Baş Naziri Fitsoya rüşvət verməyə çalışması onun rejiminin korrupsiyaya batdığını bir daha sübut edir", - deyə Medvedçuk bildirib. O əlavə edib ki, Zelenski prezidentlik müddəti bitdikdən sonra toxunulmazlıq hüququnu itirib və indi həm Ukrayna, həm Slovakiya, həm də Belçika qanunlarına görə məsuliyyətə cəlb oluna bilər.

Rüşvət, yoxsa təzminat?

Zelenski isə sosial şəbəkədə açıqlama yayaraq təklifinin rüşvət olmadığını, əksinə Slovakiyaya Rusiya qazının tranziti dayandırıldıqdan sonra itkiləri kompensasiya etmək məqsədi daşıdığını deyib. O bildirib ki, Avropa Komissiyasının istəyinə əsasən, Slovakiyaya alternativ qaz marşrutları təklif edib.

"Fitso slovaklar üçün kompensasiya istəmədi. O, Avropa Komissiyası ilə əməkdaşlıq etməkdən də imtina edir. Nədənsə, Moskvanı daha üstün hesab edir", - deyə Zelenski bildirib. Fitso isə bu təklifi rədd edərək Zelenskinin ona 500 milyon avro təklif etdiyini və bunun müqabilində Slovakiyanın Ukraynanı NATO-ya üzvlüyünə dəstək verməsini istədiyini açıqlayıb.

Xatırladaq ki, 31 dekabrda Rusiya və Ukrayna arasında qaz tranziti müqaviləsinin müddəti başa çatır. Ukrayna rəsmiləri yanvarın 1-dən etibarən qazın tranzitinin tamamilə dayandırılacağını təsdiqləyib. Zelenski isə müqavilənin uzadılmasının mümkün olmadığını bildirib.

Bu vəziyyətə cavab olaraq Slovakiya Baş Naziri Robert Fitso Rusiyaya səfər edib və Prezident Vladimir Putinlə görüşüb. Görüşdən sonra Fitso bildirib ki, Rusiya Avropaya qaz tədarükünü davam etdirməyə hazırdır. O, bu səfəri Zelenskinin açıqlamalarına cavab olaraq həyata keçirdiyini qeyd edib.

Beləliklə, Fitso ilə Zelenski arasındakı gərginlik yalnız diplomatik səviyyədə deyil, həm də beynəlxalq səhnədə ciddi müzakirələrə səbəb olub.

Səbinə Uğur, News365

Chosen
8
news365.az

1Sources