23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. İclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər.
Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb.O, Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "QONAQ TEATR" layihəsindən danışıb.
Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar.
Çıxış edənlər - Bəxtiyar Qılıncov, Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
Şəlalə Camal