EN

NASA Günəşə ən yaxın kosmik missiyasını həyata keçirir

NASA-nın Parker Solar Probe adlı kosmik gəmisi Günəşə indiyədək heç bir kosmik obyektin çatmadığı qədər yaxınlaşır.

News365 bunu BBC-yə istinadən bildirir.  Bu tarixi missiya çərçivəsində kosmik gəmi Günəşin xarici atmosferinə – koronaya daxil olacaq və buradakı yüksək istilik və güclü radiasiya şəraitində çalışacaq.

Alimlərə görə, bu missiya Günəşi daha yaxşı anlamağa kömək edə bilər. NASA-nın elm bölməsinin rəhbəri Dr. Nikola Foks deyir: “Biz Günəşi əsrlərdir öyrənirik, lakin bir yerin atmosferini tam anlamaq üçün ora getmək lazımdır. Parker Solar Probe isə bunu etməyə çalışır.”

Kosmik gəmi 2018-ci ildə göndərilib və bu müddət ərzində Günəşə 21 dəfə yaxınlaşıb. Ancaq bu dəfəki uçuş rekorda imza atacaq – Parker Günəşin səthindən cəmi 6.2 milyon kilometr məsafədə keçəcək.

Günəşə bu qədər yaxın olmaq nə qədər təhlükəlidir?

Parker Solar Probe 1,400 dərəcə selsi istiliyə və güclü radiasiyaya dözməlidir. Onun bu şiddətli şəraitdən qorunması üçün xüsusi qalın qoruyucu qalxanı var. Bundan başqa, kosmik gəmi çox yüksək sürətlə hərəkət edir – 700,000 km/saat! Bu sürət onu indiyədək insan tərəfindən yaradılmış ən sürətli obyektə çevirir.

 Missiyanın məqsədi nədir?

Alimlər bu missiya ilə Günəşin sirli xarici atmosferini – koronanı araşdırmaq istəyir. Maraqlısı odur ki, Günəşin səthi 6,000°C olduğu halda, korona milyonlarla dərəcəyə çata bilir. Bu fərqin səbəbini alimlər hələ də bilmir.

Bundan əlavə, Günəş küləyi adlanan yüklü hissəciklərin axını daha yaxşı araşdırılacaq. Bu hissəciklər Yerə çatdıqda auroralar yaratsa da, bəzən enerji şəbəkələrinə və rabitə sistemlərinə ziyan vura bilər.

“Günəşi və onun fəaliyyətini anlamaq bizim gündəlik həyatımıza təsir edən bir çox hadisəni izah edə bilər,” – deyə Dr. Cenifer Millard vurğulayır.

NASA-nın bu tarixi missiyası Günəşin sirrini açmağa nə qədər yaxınlaşacaq? Bunun cavabını yaxın günlərdə öyrənəcəyik!

Səbinə Uğur, News365.az

Chosen
18
news365.az

1Sources