“İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq. Təxminən 1 ildir ki, iki ölkə strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər. Lakin bu baş tutmadı”.
“İranla Rusiya müxtəlif mövzularda əməkdaşlıq edirlər. İranla Rusiyanın əməkdaşlığı həm ikitərəfli münasibətlər sistemi kontekstində dəyərləndirilməlidir, eyni zamanda İranın və Rusiyanın bir-biri ilə əməkdaşlığı müxtəlif platformalarda davam edir. Biz bilirik ki, İranın “Şahed” pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən alınması məsələsi ortada var. Digər bir tərəfdən regional və regiondan kənar məsələlərlə bağlı da İran və Rusiyanın müxtəlif əməkdaşlıq formatları mövcuddur. Düzdür, dünyada baş verən proseslərə yanaşmada demək olmaz ki, İran və Rusiya 100 faiz eyni mövqeləri bölüşürlər”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib:
Siyasi şərhçi qeyd edib ki, ancaq aralarda nə qədər fərqlər olsa da, İran və Rusiyanın bölgələrə yanaşmasında çox ciddi konseptual fərq yoxdur.
“Məhz xarici siyasət məsələsində İran və Rusiyanın dövlət olaraq çox fərqli mövqelər qoymaması onlara məcbur da olsa, ortaq formada addımlar atmağı zəruri edir. Əlbəttə ki, indiki həssas məqamda düşünürəm ki, həm İran, həm də Rusiya hansısa bir strateji müttəfiqlik sazişi imzalamaqdan yayına bilərlər. Lakin onsuz da pərdə arxasında bu əməkdaşlığın müxtəlif konseptual formaları mövcuddur. İran və Rusiya əməkdaşlıq etdikləri halda, bir də bunu beynəlxalq ictimaiyyətə saziş şəklində təqdim etməyə hələ ki, uyğun bilmirlər. Həm də ola bilsin ki, İranda Məsud Pezeşkian prezident seçildikdən sonra, özəlliklə Rusiya- Ukrayna müharibəsi kontekstində Rusiya ilə açıq bir saziş imzalanmasını indiki halda məqbul hesab etmir. Ancaq bu, siyasi gündəmin dəyişməsindən asılı olan bir məsələdir. Ola bilsin ki, önümüzdəki ilin ilk yarısında İran və Rusiya arasında hansısa kiçik müqavilə və yaxud da giriş müqaviləsi imzalana bilər deyə düşünürəm”.
Rəfiqə NAMAZƏLİYEVA