EN

Güləş: Azərbaycan çempionatı başladı, Şərifov hakimlikdən getdi

Bu gün Bakı İdman Sarayında təşkil olunmuş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb. 72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Ürfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub. 82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.

55 kq

  1. Elmir Əliyev (Neftçi)
  2. Rəşad Məmmədov (Neftçi)
  3. Rahim Həsənov (Neftçi), Elnar Ziyadov (Kürdəmir, “Gömrükçü”)

63 kq

  1. Ziya Babaşov (Neftçi)
  2. Pərviz Dadaşov (DİN)
  3. Fərid Baxışlı (Spartak), Əli Seyidəlili (Sumqayıt-“Təhsil”, “Spartak”)

72 kq

  1. Ruslan Nurullayev (Gömrükçü)
  2. Ürfan Həsənli (Neftçi)
  3. Təvəkgül Həziyev (Neftçi), Xalid Həsənov (Sumqayıt, “Zenit”)

82 kq

  1. Qurban Qurbanov (Neftçi)
  2. Elmin Əliyev (Lənkəran)
  3. Elvin Osmanlı (Mingəçevir), Elmir Sərxanov (Hövsan)

97 kq

  1. Murad Əhmədiyev (“Neftçi”, Balakən)
  2. Arif Niftullayev (Neftçi)
  3. Aqil Musayev (Spartak), Məhəmməd Əhmədiyev (“Neftçi”, Balakən)

Hicran Şərifov karyerasını başa vurdu

Yeri gəlmişkən, azərbaycanlı güləş hakimi Hicran Şərifov bu gn karyerasını başa vurub. O, 25 illik hakimlik karyerasını bitirib.

Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.

Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.

Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası Hicran Şərifova xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, Hicran Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov London-2012-nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

Chosen
2
1
arena.az

10Sources