EN

Kredit ittifaqları dərin böhran içindədir- sayları 109-dan 36-ya düşdü...

Image

Rəsul Cahangirli: “Bəzilərində problemli kreditlərin həcmi 40-50 faizə çatır”

Azərbaycanda kredit ittifaqları son 7 ildə üç dəfə azalıb. Bugünlərdə Azərbaycanda üç kredit ittifaqı bazardan kənarlaşdırılıb. Mərkəzi Bank “Abbas”, “Amin” və “Azərmaliyyə” kredit ittifaqlarının lisenziyalarını ləğv edib. Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb. 

Son illər Azərbaycanda kredit ittifaqlarının sayının kəskin şəkildə azaldığı bildirilir. 2017-ci ildə ölkədə kredit ittifaqlarının sayının 109-dan 76-ya, 2018-ci ildə 76-dan 61-ə, 2019-cu ildə isə 61-dən 45-ə düşüb. Buna qədər isə onların sayı 39-a qədər azalmışdı. 

Maraqlıdır, kredit ittifaqlarının sayı niyə ilbəil azalır? 

“Ən ciddi problem maliyyə resurslarına çıxış imkanlarının əvvəlki vaxtlarla müqayisədə azalmasıdır”

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli “Bakı-Xəbər”ə açıqlamasında kredit ittifaqlarının sayının azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Kredit ittifaqlarının ən ciddi problemi onların maliyyə resurslarına çıxış imkanlarının əvvəlki vaxtlarla müqayisədə azalmasıdır. Məsələ ondadır ki, əvvəllər bu qurumların kredit əldə etmək imkanı xeyli yaxşı idi. Onlar müxtəlif mənbələrdən kredit əldə edə bilirdilər. Ancaq zamanla müxtəlif səbəblərdən onların belə imkanları azalmağa başladı. Xüsusən də problemli kreditlərin yaratdığı problemlər kredit ittifaqlarının fəaliyyətinə zərər vurdu. Digər tərəfdən son dövrlərə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə daha yaxından işləyə bilirdilərsə, artıq əvvəlki iş birliyi yoxdur. Başqa bir tərəfdən, qanunvericilikdə kredit ittifaqları üçün heç bir dəyişiklik yoxdur. Qanunun köhnə olması, bir növ, kredit ittifaqlarına ögey münasibətin formalaşmasına zəmin yaradır. Mərkəzi Bankın yarımillik hesabatına görə, bank olmayan kredit təşkilatlarının ümumi kredit portfelindəki payı cəmi 1.6 faizdir. Bu da çox kiçik rəqəmdir. Bu təşkilatlarda kredit məbləği 100 manatdan 150 min manatadək, faiz dərəcələri isə 15-dən 40 faizə qədər dəyişir. Ancaq kredit təşkilatlarının özündə də müəyyən problemlər var. Problem ondadır ki, kredit portfellərində problem var. Bəzilərində problemli kreditlərin həcmi 40-50 faizə çatır. Bütün bunlar nəticə etibarı ilə kredit təşkilatlarının sayının azalmasına, onlara inamın aşağı düşməsinə təsir edir. Bu da istər-istəməz onların sayının azalmasında özünü göstərir”.

Vidadi ORDAHALLI





Chosen
12
baki-xeber.com

1Sources