EN

Havanın çirklənməsi Təbrizdə məktəblərin bağlanmasına səbəb olub

Dekabrın 25-də Təbriz və Sufiyan şəhərlərində havanın çirklənməsi ilə əlaqədar olaraq bütün məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflərdə dərslər onlayn formatda keçiriləcək.

Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hava Çirklənməsi Qərargahının qərarına əsasən, səhər və günorta növbələrində dərslər dayandırılıb.

İran mediası xəbər verir ki, Təbriz bələdiyyəsi şəxsi avtomobillərin istifadəsini azaltmaq üçün çərşənbə günü avtobus və metro xidmətlərini pulsuz edəcək. Səlahiyyətlilər vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə çağırır.

Şərqi Azərbaycan Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi bu qərarın şagirdlərin sağlamlığını qorumaq və hava çirkliliyinin mənfi təsirlərini azaltmaq məqsədilə qəbul edildiyini bildirib.

Dekabrın 24-də Təbrizdə hava keyfiyyəti indeksi 152-ə çatıb ki, bu da ümumi əhali üçün "təhlükəli" səviyyə hesab olunur. Havanın bu səviyyədə çirklənməsi xüsusilə həssas qruplar üçün ciddi sağlamlıq problemləri yarada bilər.

 

Havanın çirklənməsi Təbrizlə məhdudlaşmır

Havanın çirklənməsi təkcə Təbrizdə deyil, digər şəhərlərdə də müşahidə olunur. Kərəcdə hava keyfiyyəti indeksi 160, Əhvazda 159, İsfahanda isə 158 olub. Bu göstəricilər hər üç şəhərdə havanın çirklənməsi səviyyəsinin "təhlükəli" həddə olduğunu göstərir.

Təbrizdə

Təbrizdə havanın çirklənməsi (Şəkil Nasr News saytından götürülüb)

Mazutdan istifadə havanın çirklənməsinin əsas səbəbidir

Havanın çirklənməsinin əsas səbəbi elektrik enerjisi istehsalında mazutdan istifadədir. Xüsusilə Təbriz istilik elektrik stansiyasında mazut yandırılması havanın keyfiyyətini pisləşdirir. Təbii qaz əvəzinə mazutdan istifadə nəticəsində havaya yüksək miqdarda kükürd və zərərli hissəciklər buraxılır ki, bu da şəhər sakinlərinin sağlamlığına ciddi təsir göstərir. 

İranda enerji böhranı dərinləşir. Qaz və elektrik enerjisinin çatışmazlığı elektrik stansiyalarını mazutdan istifadə etmək məcburiyyətində qoyaraq, havanın çirklənməsinin artmasına səbəb olur.

Buna baxmayaraq, mazutdan istifadə elektrik enerjisi çatışmazlığı problemini tam həll etmir. Dekabrın 24-də Mehr agentliyi Təbrizin Lalə dördyolunda elektrik kəsintisi səbəbindən işıqforların işləmədiyini və bu ərazidə ağır tıxac yarandığını bildirib. Bu hal elektrik istehsalında davam edən çatışmazlığın bariz nümunəsi hesap edilir.

Havanın çirklənməsinin yüksək olduğu günlərdə tənəffüs və ürək xəstəlikləri olan şəxslərin təcili yardıma müraciətləri artır ki, bu da səhiyyə sisteminə əlavə yük yaradır. Bu vəziyyət Təbrizdə illərdir davam edir və çirklənmə getdikcə daha da pisləşir. Mazutdan istifadənin artması və enerji böhranının dərinləşməsi bu şəraiti daha da ağırlaşdırır.

visiontv.az



Chosen
16
visiontv.az

1Sources