EN

Nursultan Nazarbayev Azərbaycana başsağlığı verdi

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.

Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.

Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-nın ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Chosen
6
36
yenicag.az

10Sources