Təəssüf ki, tez-tez küçələri zibilləyən insanlara rast gəlirik.
Yəni bəzi şəxslər hara gəldi zibil atmağı çox normal hesab edirlər. Etiraz edəndə də haqsız olmalarına baxmayaraq, özlərinə bəraət qazandırmağa çalışırlar. Guya etdiklərinin normal və ya çox xırda bir məsələ olduğunu sübut etmək istəyirlər. Amma həcmindən asılı olmayaraq yerə zibil atmaq ilk növbədə mədəniyyətsizlikdir. Bir az sərt səslənə bilər, amma reallıq budur.
Çünki yerə atılan zibillər öz-özünə yox olmur və ya buxarlaşmır. Onları da təmizləyən insanlar var. Axı onlar da kiminsə valideynidir. Siz öz valideyninizi yormaq, ona əziyyət vermək istəyərsiniz? Təbii ki, xeyr! Amma hər onlar hər atılan zibili təmizləməklə vəzifələridirlər.
Hərçənd ki, hər səhər işə başlayaraq küçələri təmizləyirlər. Buna baxmayaraq, üstündən heç yarım saat keçmədən yerlər yenidən zibillənir. Siqaret kötüyü, paçkası, qəbzlər, butulkalar və daha nələr, nələr. Bəzi insanlar düşünmədən, xidmətçilərin əziyyətini heçə sayaraq küçələri zibilləyirlər. Nəticədə isə həmin küçənin təmizliyinə görə məsuliyyət daşıyan şəxsin işi daha artır.
Nəzərə alın ki, onlar əziyyətləri və alın təri ilə çox çətinliklə pul qazanırlar. İsti, soyuq, külək, yağış, qar demədən küçələri təmiz saxlayırlar. Məgər siz heç yorğunluqdan küçənin bir küncündə dinlənən zəhmətkeş xidmətçi görməmisiniz? Bəlkə də onun yorğunluğuna səbəb elə sizin yerə atdığınız zibillərdir. Onların əziyyətinin qarşılığında biz də bir az diqqətli olsaq çox yaxşı olar.
Unutmayın, hazırda şəhərin hər yerində zibil qutuları var. Bir neçə addım gedərək zibilinizi sözügedən qutulara ata bilərsiniz. Bu addımı atmaqla həm ətraf mühiti çirkləndirməmiş olarsınız, həm də zəhmətkeş insanların işini daha da artırmazsınız. Üstəlik, onların yaşda bizdən böyük və hətta valideynlərimiz yaşında olduğunu da nəzərə alın.
Pərviz