EN

Forum iştirakçılarından dünya ictimaiyyətinə MÜRACİƏT

Bakı və Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları adından dünya ictimaiyyətinə müraciət ünvanlanıb.

 

Modern.az nüraciəti təqdim edir:

 

“Biz - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq, mina və PHS-a qarşı mübarizədə daha fəal olmağa çağırış edirik.

 

Bakı və Ağdam şəhərlərində 2 gün ərzində keçirilmiş geniş müzakirələr problemin qlobal məzmununu bir daha nümayiş etdirdi. Hazırda dünya xəritəsindəki ölkələrin 3-dən 1-i mina problemindən əziyyət çəkir.

 

Humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Azərbaycan Respublikası artıq humanitar minatəmizləməni milli məqsəd kimi müəyyən edib.

 

Azərbaycan mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr siyahısındadır. İlkin məlumatlara görə, Azərbaycan Respublikası ərazisində 1,5 milyondan çox mina və partlamamış hərbi sursat var.

 

2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 273 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır. 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərərçəkənlərin ümumi sayı 3416 nəfər təşkil edir.

 

Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş insan hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Mina problemi bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə bir nömrəli maneədir, yüz minlərlə keçmiş məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır.

 

Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri yerinə yetirilib. Qadın minaaxtaran qrupların da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər.

 

Biz – dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq”.

Chosen
302
50
modern.az

10Sources