EN

Müstəqil Azərbaycanın tarixində möhtəşəm yenilik yaşanır, ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisini əhatə edəcək

Image

Azərbaycan ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi nailiyyətə imza ataraq ölkənin ərazi bütövlüyünü uğurla bərpa etdi. Azərbaycan, həmçinin, bu il sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə də dünyaya nümunə oldu. 

Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi. Bu, təbii olaraq, ölkənin siyasi həyatına da təsirsiz ötüşməyə bilməzdi. 

Gələn il keçriləcək seçkilər də bunun təzahürüdür. Qeyd edək ki, gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri elan olunub. Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb. Sənədə görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Gələn ilin dekabrında isə ölkədə bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Konkret olaraq növbədənkənar prezident seçkilərinə gəlincə, bunu şərtləndirən faktor Azərbaycanın ərazi bütövlüyü faktoru ilə birbaşa bağlıdır. Ölkə çox önəmli bir mərhələni adlayaraq Azərbaycan xalqının və dövlətinin qarşısında yeni üfüqlər açan tarixi bir dövrə qədəm qoyub. Qeyd olunduğu kimi, milli həmrəyliyik, dövlətin gücü, ordumuzun misli görünməmiş fədakarlığı, Ali Baş Komandanın milli iradəni ifadə edən qətiyyəti sayəsində ərazimiz bütövləşib və bu baxımdan bütöv Azərbaycanda yeni bir siyasi başlanğıca zərurət yaranıb. Növbədənkənar prezident seçkiləri də məhz bu zərurətdən irəli gəlir. Faktdır ki, istənilən dövlətin ərazi bütövlüyü onun real və tam müstəqilliyinin, suverenliyinin ifadəçisidir. Artıq Azərbaycan dövlətinə təsir göstərə biləcək hər hansı bir xarici amil yoxdur. Ölkəmizin beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.  Daha bir mühüm məqam odur ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səs verəcəklər. Hesab olunur ki, prezident seçkilərinin gələn il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir. 

O da xüsusi olaraq qeyd edilməlidir ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ekspertlər də bildirir ki, Azərbaycanda bu seçkilərin keçirilməsinin əsas səbəbi ərazi bütövlüyü və suverenliyimizin tam bərpası ilə bağlıdır. Artıq ərazi bütövlüyü uğrunda aparılan mübarizənin bütün mərhələləri uğurla başa çatıb. İndi yeni dövr başlayır və bu dövrün yeni reallıqları var. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bu baxımdan da vacibdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, seçkiləri ölkənin bütün bölgələrində - azad edilmiş ərazilərdə də keçirməklə siyasi baxımdan bu yerlərin legitimliyi təmin edilir. Çünki qeyd edildiyi kimi, növbədənkənar prezident seçkilərinin keçirilməsinin əhəmiyyəti ilk növbədə ondadır ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanda baş tutacaq. Bu seçkilər suveren Azərbaycan dövlətinin bütün ərazisini əhatə edəcək. Bu, tarixi önəmi olan hadisədir. O da sirr deyil ki, Azərbaycan xalqı gələn il fevralın 7-də, əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək. 2024-cü il fevral seçkiləri hətta Azərbaycanın tarixinə düşəcək mühüm bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda - Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Zəngilan və digər torpaqlarda da Azərbaycan xalqı seçkilərlə gələcəyini müəyyən edəcək liderini seçəcək.

Tahir TAĞIYEV





Chosen
169
21
baki-xeber.com

10Sources