Heç bir qüvvə bəhanələrlə özünə haqq qazandıra bilməz
"Seçkilər siyasi qüvvələr, liderlər üçün lakmus kağızı rolunu oynayır. Kimin kim olduğu, hansı liderin nə qədər elektoral bazaya malik olması, xalqın hansı lideri dəstəkləməsi məhz seçkilər zamanı üzə çıxır". Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib. Analitikin sözlərinə görə, bu baxımdan güclü siyasi təşkilatlar, qələbə qazanacağına inanan təcrübəli siyasi liderlər seçki institutunu bütün varlığı ilə dəstəkləyir. İstər ənənəvi, istərsə də növbədənkənar seçkiləri təqdirlə qarşılayırlar: "Bu qəbildən olan təşkilatlar və liderlər hər zaman seçkilərə hazırlıqlı olurlar. Onlar növbədənkənar prezident və ya parlament seçkiləri haqqında qərarın gözlənilməz olduğunu bəhanə edərək seçkidə iştirakdan yayınmırlar. Əlləri ətəklərindən uzun şəkildə mübarizə meydanını qorxaqcasına tərk etmirlər. Lakin seçici bazasının olduqca zəif olduğunu bilən, əsas rəqibə uduzacaqlarını öncədən hiss edən və bunu öz siyasi mövcudluqlarının sonu kimi dəyərləndirən, marginallaşmış siyasi qüvvələr minbir bəhanə ilə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar, seçkiləri boykot etmək yolunu tuturlar".
Ekspert vurğulayıb ki, radikal müxalifət sağalmaz xəstəliyə, hər seçkidə həvəslə istifadə etdikləri boykotçuluq xəstəliyinə tutulublar: "Boykotçuluğun onları siyasi autsayderlərə çevirdiyini, siyasətin kənarına itələdiyini, “oyundankənar” vəziyyətə saldığını da dərk edə, görə bilmirlər. Beləliklə, müxalifətin çoxillik faciəsi yenə də davam edir. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, 30 illik işğala son qoymuş, üçrəngli bayrağımızı Xankəndidə ucaldaraq cəmiyyətin birmənalı dəstəyini qazanmış İlham Əliyev kimi güclü siyasi rəqibə qalib gəlməyin mümkünsüzlüyünü anlayırlar. Bəri başdan boykot yolunu tutmağı, seçkinin nəticələrini öncədən şübhə altına almağı, kirli texnologiyaları işə salmaqla seçki prosesinin demokratikliyinə kölgə salmağı özləri üçün ən rahat, ən optimal yol hesab edirlər. Əvvəlki seçkilərdə boykot taktikasından yararlanmağa çalışanlar bu dəfə reallıqları düzgün hesablaya bilmədilər. Yanlış olaraq düşündülər ki, eyni taktika bu dəfə də effektiv olacaq, onların işinə yarayacaq. Lakin gözləntiləri doğrulmadı, yanıldılar. Ona görə də onların “qəfil seçki”, “növbədənkənar seçki”, “qeyri-bərabər imkanlar”, “gözlənilməz seçkilərə hazırlıqsızlıq” kimi çeşidli bəhanələri indi onların öz əleyhinə işləyir. Peşəkar siyasətdə bu cür absurd anlayışlar, bəhanələr qətiyyən işə yaramır. Heç kim bu cür bəhanələri ortaya atmaqla özünün siyasi impotentliyinə, səriştəsizliyinə, bacarıqsızlığına haqq qazandıra bilməz. Sən siyasət meydanındasansa və özünü “ana müxalifət lideri”, peşəkar siyasətçi-filan hesab edirsənsə, o zaman zəhmət çəkib bu iddialarına uyğun olmalısan. Hətta ən əlverişsiz seçki kampaniyasına da qatılmağı, müəyyən dividendlər qazanmağı özünə borc bilməlisən. Seçkilərdə iştirak etmək siyasi partiyaların təkcə hüququ deyil, həm də vəzifəsidir. Seçkilərdən yayınan partiya isə partiya deyil, sıradan bir dərnəkdir, ən yaxşı halda siyasi diskussiya klubudur. Seçkiləri boykot etmək açıq-aşkar siyasi təxribatdır".