EN

Gürcüstan Gənclərin Avropa Qış Olimpiya Festivalına hazırlaşır

Gürcüstan

Tbilisi, 6 yanvar, AZƏRTAC

Gürcüstan 2025-ci ilin fevralında keçiriləcək Gənclərin Avropa Qış Olimpiya Festivalına ciddi hazırlaşır. Bunun üçün Tbilisidə xüsusi olaraq buz sarayı tikiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın infrastruktur və regional inkişaf naziri İrakli Karseladze məlumat verib.

Onun sözlərinə görə, Avropa Olimpiya Komitələrinin (AOK) 49-cu Baş Assambleyasının 2020-ci ildə qəbul etdiyi qərarla Gürcüstanın kurort şəhəri Bakurianiyə 2025-ci il Avropa Gənclər Qış Olimpiya Festivalının ev sahibi statusu verilib. Yarışın bir hissəsi Tbilisi və Batuminin idman meydançalarında keçiriləcək.

“Biz artıq ölkəni 2025-ci ildə Olimpiya festivalına ev sahibliyi etməyə hazırlamaq üçün prosedur məsələlərini nəzərdən keçiririk, bunun üçün Tbilisidə buz sarayı tikiləcək, Bakurianidə isə müvafiq biatlon və xizək enişləri artıq təchiz olunub", - deyə, Karseladze vurğulayıb.

Yeni buz sarayında iki konkisürmə meydançası olacaq. Əsas buz arenası 1,5 min, ikincisi isə 150-200 tamaşaçı üçün nəzərdə tutulub.

2015-ci ildə Gürcüstan ilk dəfə olaraq “Tbilisi 2015” XIII Avropa Gənclər Olimpiya Festivalının ev sahibi olub. İyulun 27-dən avqustun 1-dək doqquz idman növü üzrə yarışlar keçirilib. Festivalda 50 ölkədən dörd minə yaxın idmançı iştirak edib.

Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında Avropa Olimpiya Komitələri Assosiasiyası tərəfindən yaradılıb. Bu, AOK-un 50 ölkəsindən gənc idmançılar arasında keçirilən regional beynəlxalq kompleks idman yarışıdır. Həm yay, həm də qış festivalı iki ildən bir keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Chosen
524
43
azertag.az

10Sources