EN

Avropa demokratiyasının nimdaş sifəti

AŞPA-nın Azərbaycana qarşı tutduğu qərəzli mövqe hələ 110 il bundan əvvəl deyilən bir fikri tam təsdiq edir. 1913-cü ildə Əhməd bəy Ağaoğlu “Balkan vəhşiliyi və rus mətbuatı” adlı məqaləsində yazırdı ki, hamımızın ümid bəslədiyi və uğrunda mübarizə apardığı Avropa demokratiyasının rəngi Balkan hadisələrindən sonra gözümüzün qabağında dəyişdi.

Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş. Bu gün AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarı “demokratiya fədailərinin” nimdaş sifətlərini bir daha üzə çıxartdı və yuxarıda deyilən fikri tamamilə təsdiqlədi. Azərbaycana qarşı irəli sürülən və qərarın qəbul edilməsinə rəvac verən iradlara nəzər yetirmək qərarın nə qədər qərəzli və ədalətsiz olduğunu təsdiqləmək üçün yetərlidir. AŞPA üzvləri Qarabağın erməni əsilli sakinlərinin bölgədən zorakılıqla köçürülməsini ölkəmizə irad hesab edir. Halbuki antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərərin dəymədiyi Ermənistan Baş naziri Nikol Paşinyan və bölgədə müşahidə aparan BMT missiyası tərəfindən də təsdiqlənmişdi. Ermənidən çox ermənipərəst olan avropalı parlamentarilərin daha bir iddiası 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, on minlərlə azərbaycanlının insani haqlarının pozulmasını görməzdən gələn AŞPA bu yanaşması ilə klassik ikili standartlar prinsipini ortaya qoyub. Növbəti “siyasi məhbus” iddiası isə Azərbaycan təşkilata üzv olduqdan bəri hər zaman ölkəmizə qarşı istifadə edilib. Qondarma “siyasi məhbus” siyahısında yer alan şəxslərin əksəri haqqında məhkəmə istintaqı hələ başlamayıb, onlar barəsində heç bir hökm çıxarılmayıb. Bu şəxslərin nəinki siyasi ittihamla həbs olunduğunu iddia etmək absurddur, onları məhkəmə höknündən əvvəl cinahətkar saymağın özü hüquqa həqarətdir.

Azərbaycana qarşı çıxarılan qərarın son əsaslandırılması isə 7 fevral prezident seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsidir. AŞPA nümayəndə heyəti ölkəmizdə keçirilən bütün seçkilərdə müşahidəçi qismində iştirak edib və seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinə dair müsbət rəyləri var. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı hücuma keçən AŞPA indiki mövqeyimizin səbəbini özündə axtarmalıdır. Bütün bu arqumentlərdən, qərarın süni əsaslandırılması olan saxta iddialardan, qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur. AŞPA-nın ölkəmiz əleyhinə qəbul etdiyi qərar özlərinin prinsip və normalarına ziddir. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı elə Avropa Şurasına daxil olan ölkələrə də öz təsirini göstərəcək. Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir. Əgər bizim ümummilli maraqlarımıza və qələbəmizə kölgə salmaq istəyirsə, Avropa Şurasından çıxmaq Azərbaycan üçün hər hansı ciddi əhəmiyyət kəsb etmir. Çünki bizim əsas məqsədimiz bu təşkilatdan, onun tribunasından keçmiş münaqişə üçün istifadə etmək idi, lakin AŞPA ötən illər ərzində bu istiqamətdə heç bir iş görmədi. Əksinə, bu təşkilat da, onun ayrı-ayrı təsisatları da keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə qərəzli, ədalətsiz yanaşdılar.

Əslində, AŞPA-nın bu addımı Azərbaycana qarşı qərəzli münasibətin davamı sayılmalıdır. Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra dəfələrlə ölkəmiz haqqında qeyri-obyektiv sənədlər qəbul olunub. Hətta Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə belə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən bu təşkilat Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Bunda Avropadakı erməni lobbisinin təsiri böyük idi. Azərbaycan öz torpaqlrını işğaldan azad, ərazi bütövlüyünü bərpa etdikdən sonra isə AŞPA-dakı ermənipərəst qüvvələr ölkəmizi “işğalçı tərəf” kimi təqdim etməyə çalışıb. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin pərdə arxasına saxlanıldığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir.Azərbaycanı qaralayıb bu cür qərəzli mövqe sərgilənməsinin arxasında hansı qüvvələrin dayandığı daha sirr deyil. Ölkəmizə qarşı ciddi oyun qurulub və bu “oyunçular”ın arxasında təkcə erməni lobbisinin parası deyil, xristian dünyasının mühafizəkar mesanatların, dünyada artmaqda olan türk birliyinə qarşı olanların, Cənubi Qafqaza soxulmaq istəyən imperalist dairələrin ortaq marağından doğan qərardır. Bu gün Avropa Şurası da, onun parlamenti də özünün bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində, oyuncaq təsisat olduqlarını bir daha göstərdi. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirə, bir çox beynəlxalq məsələlərin həllini çətinləşdirə bilər. Bütün baş verənlərə cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar qəbul etdiyini açıqlayıb. Bu bəyanatla ölkəmiz bir daha nümayiş etdirdi ki, heç bir ölkə və beynəlxalq təşkilat onunla diqtə dilində danışa bilməz. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində haqlıdır və öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Dövlətimizin bütün addımları beynəlxalq hüquqa və qanunvericiliyə əsaslanır.

Fəzail İbrahimli

Milli Məclis sədrinin müavini

Chosen
268
50
redaktor.az

10Sources