Ağsu, 11 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Uzunluğu 25,6 kilometr olan Ağsu-Çaparlı-Göylər avtomobil yolunun təmirə ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bu yol uzun illərdir baxımsız vəziyyətdədir. Bu yoldan Ağsunun 10 min nəfər əhalisi olan 11 kəndinin, habelə Şamaxının 2 kəndinin sakinləri istifadə edirlər. Düzdür, bu günə qədər yolda cəmi bir dəfə təmir işləri aparılıb, amma sakinlərin sevinci çox çəkməyib. Yol yenidən yararsız vəziyyətə düşüb. Yerli sakinlər və sürücülər yolun təmir olunmasını istəyirlər.
Sözügedən yoldan tez-tez istifadə edən Şamaxının Çöl Bağırlı kənd sakini Müşfiq Səmədov deyir ki, yol istismar müddətini başa vurduğuna görə asfalt qatı dağılıb, hər iki hərəkət zolağı yararsız hala düşüb: “Bizim yollarımız 2012-ci ilə qədər təmirsiz vəziyətdə idi. Prezidentimiz sağ olsun, bu yolun çəkilməsi üçün vəsait ayırdı və onun hesabına yolumuz 2013-cü ildə əla keyfiyyətlə təmir olundu. Amma buna baxmayaraq, yol 2-3 il sonra yenidən bərbad vəziyətə düşdü. Təsəvvür edin, Ağsuya olan 20 dəqiqəlik yolu 1 saata gedirik”.
Hər iki hərəkət zolağı və bəzi yerlərdə çiyin yataqları keçilməz olan Ağsu-Çaparlı-Göylər avtomobil yolu kəndləri rayon mərkəzinə birləşdirməklə yanaşı, qış aylarında Ağsu dolaylarında hərəkətin çətinləşdiyi vaxtlarda, torpaq sürüşməsi zamanı yol bağlanarkən sakinlərin Bakıya və Şamaxıya gediş-gəlişləri üçün də xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu yol vasitəsilə Göylər kəndindən Şamaxıya, Padar-Çöl kəndindən isə Bakı-Qazax magistralına çıxmaq olur. Yolun təmirsiz olması ucbatından sakinlər rayon mərkəzinə belə getməkdə çətinlik çəkirlər.
Hər gün rayon mərkəzinə gedib-gəlmək üçün bu yoldan istifadə edən sürücü Səməd Qaçayevin sözlərinə görə, yolun yararsız, çala-çökək olması səbəbindən avtomobilləri tez-tez sıradan çıxır. Avtomobilin təmirinə isə xeyli vəsait sərf olunur. “Ağsunun və Şamaxının ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol yararsız haldadır. Sürücülər də, kənd sakinləri də çox əziyyət çəkirlər. Son 20 ildə bu yolda nə əsaslı, nə də cari təmir işləri aparılıb. Ağsunun ən böyük kəndləri bu yolun üzərində yerləşir. Hər gün buradan yüzlərlə maşın gedib-gəlir. Yolun pis gündə olması səbəbindən maşınlarımız da tez-tez xarab olur. Təmirə isə xeyli pul xərcləyirik”, - deyə o bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də məsələyə münasibətini öyrəndin. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması, regionların sosisal iqdisadi inkişaf proqramı çərçivəsində öz həllini tapır. “Ağsu-Çaparlı-Göylər marşrutu üzrə yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub ki, Dövlət Proqramına salınsın. Proqrama salındıqdan sonra həmin yollar təmir olunacaq”, - deyə Agentliyin sözçüsü əlavə edib.