EN

Qızıl fonddan verilişlər

Hökumət telekanal müdirlərini aparata çağırıb, danlamışdır. Sitat: “Kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar”. Sitatın sonu. 

Xəbərdə həmin veriliş və kanalların adları çəkilmişdi, lakin mən burada yazmağa ehtiyac duymadım. Çünki aşağı-yuxarı hamısı bir bezin qırağıdır. 

Ancaq Sabir demişkən, “niyə bu ayinədə əyri görürsən özünü?” Telekanallar ölkəmizin, xalqımızın, inkişafımızın güzgüsüdür. Onlar başqa nə göstərə bilər? Nə var onu verirlər. Süni efir yaratmaq olmaz. Hələ Ramiz Mehdiyev vəzifə başında olanda bu temada palaz boyda məqalə yazmışdı. Nəticəsi necə oldu? Bəlkə hansısa veriliş düzəldi? Heç zad düzəlmədi. Çünki o verilişlərin ssenarisini elə Ramiz müəllim özü yazırdı. Səhərlər. Günorta veriliş efirə gedirdi, axşam da həmin verilişi tənqid edən məqaləni qəzetə göndərirdi. Hamısı öz oyunu idi. 

Sözgəlişi, adını çək, qulağını bur söhbəti olmasın, bugünlərdə Ramiz müəllimlə bağlı qəribə xəbər oxuduq. Deyir gedib İsrailə, müalicə olunmağa. Halbuki biz hamımız yaxşı bilirik, Ramiz müəllim azarlayanda mütləq “Semaşko”ya gedir. Qurulmasında iştirak etdiyi səhiyyə sisteminə daha çox güvənir. Elə Ramiz müəllim də xəbəri təkzi eləmişdi, sadəcə, əcaib formada. Deyir mən İsraili tanımıram. İndi ermənilər bundan istifadə edib dost İsraillə aramızı vursalar necə olacaq? O boyda vəzifələr tutmuş adam İsraili tanımır, ancaq Fələstin dövlətini tanıyır. Diplomatik qalmaqaldır. 

Qayıdaq mövzumuza. Mövzu isə odur ki, telekanalları düzəltməyin yeganə üsulu oradakı müxbirləri, aparıcıları, diktorları prokurorluğa, polisə, icra hakimiyyətinə tapşırmaqdır. Qoy hərə bir verilişi himayəsinə götürsün, necə efirə çıxmağı öyrətsinlər. 

Milli Teleradio Şurasının Nuşirəvan müəllim gedəndən sonra sanki zəiflədiyi də göz önündədir. Yoxsa niyə kanallara xəbərdarlığı aparat eləsin? Hərə öz işinin öhdəsindən səmərəli gəlməlidir. Yenə qeyd edirəm, məncə, hər verilişin aparıcısını bir rəisə tapşırmalıyıq. Yalnız bu yolla milli-mənəvi dəyərlərimiz ekranlara təzədən qayıdar. 

“Təzədən” demişkən... Hökumət bu reytinq dalıyca sülənən, insanların şəxsiyyətini alçaldan verilişlərin əvəzinə nə təklif edir, bunu çox da açıqlamırlar. Lakin ucundan-qulağından, bəzi işarələrdən mövzunu qanmağa başlayırıq. Bizə köhnə sovet televiziyası modeli təklif edilir. Diktorun bəzənib-düzənib mətni oxuduğu, uzun donlu nənələrin studiyada bir nöqtəyə bərkidilib mahnı çaldığı, canım sənə desin, kombaynla pambıq yığan əmək qəhrəmanlarının nümayiş etdirildiyi verilişlərdən söhbət gedir. Əks halda, niyə o köhnə verilişləri son zamanlar bizə təzədən göstərməyə başlayıblar? Üstəlik, “Filan kanalın qızıl fondu” adıyla! 

Məsələn, bu yaxında mən elənçik “qızıl” süjetlərdən birinə baxdım, matım-qutum qurudu. Üzüm bağının içində traktor gedir, yaylıqlı qadınlar səbətdə məhsul yığır, nə bilim, göy qurşağı, çiçək buketi, arı vız-vız, Ay işığı, şəlalə-zad... 

Dostlar, üzümün becərilməsi və yığımı heç vaxt elə romantik olmamışdır, bunun bağında yekəlmiş uşaq kimi gördüyümü yazıram (prinsipcə, o üzümçülüklə “Bəyin oğurlanması” filmində yaxşı məzələniblər, amma görünür, yaddan çıxıb). Üzüm bağına sovet hökuməti zəhərli dərmanlar vururdu, bəzən zəhmətkeşlər cərgənin arasında uyurdular. Mənim bir bibim oğlu vardı, üzüm vedrəsi daşımaqdan qolları elə uzanmışdı ki, biologiya müəllimi təkamül nəzəriyyəsinin isbatı üçün onu dərsdə oranqutan timsalında şagirdlərə göstərirdi. Yadımdadır, rayon xəstəxanasının həkimlərini zorla basıb üzüm yığmağa gətirmişdilər. Ağ xalatda! 

Sən də deyirsən qızıl fonddur. Gör indi pis verilişlərdə nə olub...     

Chosen
176
5
musavat.com

10Sources