EN

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİSuada İşıkkent

Bakı, 15 mart, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin 3-cü sinif şagirdi, pianoçu, həm məktəbdaxili, həm də beynəlxalq müsabiqələrinin iştirakçısı və laureatı Suada İşıkkentdir.

Suadanın 9 yaşı var, Bakı Atatürk Liseyində 4-cü sinifdə oxuyur. Qızcığaz riyaziyyatı sevir, ingilis dilini öyrənir, karate ilə məşğul olur və aktrisa olmaq xəyalı ilə yaşayır. Suada özü musiqi ilə məşğul olmağa qərar verib və ifa etdiyi aləti də özü seçib. O, evdə pianoçu böyüklərin nəzarəti olmadan müstəqil şəkildə məşğul olur. Qızcığaz bəstəkarların və pianoçuların çıxışlarını izləməyi sevdiyini söyləyir.

Məktəb daxilində keçirilən etüd müsabiqəsində Suada iki dəfə birinci yeri tutub. Beynəlxalq müsabiqələrdə onlayn iştirak edib. 2023-cü ildə Suada I International Art Competition Stars of Arts (Almaniya - Türkiyə) beynəlxalq müsabiqəsində 2-ci yeri tutub.

Suada deyir: “Səhnəyə çıxmazdan əvvəl həyəcan keçirirəm və narahat oluram. Sonra öz- özümə deyirəm: mən birinci olacağam. Bundan sonra həyəcan yox olur".

Gənc ifaçı deyir ki, çıxışlar zamanı onun yanında dostları olanda, özünü daha inamlı hiss edir.

Suadanın müəllimi Kəmalə Tağızadənin sözlərinə görə, qızcığaz bütün tapşırıqları həmişə vicdanla yerinə yetirir və bunun sayəsində yaxşı nəticələr əldə edir.

Kəmalə xanım bildirir: “Uşaqla ilk dəfə görüşəndə, əlbəttə ki, onun nəyə qadir olduğunu bilmirik. Məktəbə qəbul zamanı uşağın musiqini düzgün qavrama qabiliyyəti, ritmi, musiqi yaddaşı yoxlanılır və nəticə çıxarılır. Qəbul zamanı Suada əla qiymətlər almışdı. Lakin bununla kifayətlənmək olmaz. O, bundan sonra da öz üzərində çalışmalıdır. Uşaq istedadlı, lakin tənbəldirsə, uğur qazana bilməz. Hər bir ifaçı, hətta virtuoz belə, öz üzərində işləməli, inkişaf etməli, əldə etdiyi nailiyyətlərlə kifayətlənməməlidir".

Məsuliyyətli qızcığaz özü də musiqiçi üçün çox çalışmanın nə qədər vacib olduğunu başa düşür.

Pianoçu qeyd edir: “İstənilən əsəri ifa etdiyimdə hər şeyi unuduram. Buna görə də sonra həyəcan keçirirəm... düşünürəm ki, görəsən, səhvə yol verdimmi? Sonra görürəm ki, artıq qalib gəlmişəm. Hesab edirəm ki, nəyəsə nail olmaq üçün çox və davamlı çalışmaq lazımdır”.

Pedaqoq qeyd edir: “O, çox məqsədyönlüdür, əgər həqiqətən də nəyəsə nail olmaq istəyirsə, bunu edə bilir. Buna görə də Suadanın sinifdə olduğundan daha yaxşı ifa etdiyini hiss edirəmsə, həmişə ona tam etibar edirəm. O, böyük daxili gücə malikdir”.

Suada deyir ki, müsabiqələrdə iştirakçılar arasında rəqabət var, hər kəs ifası ilə rəqibini ötüb keçməyə çalışır. Eyni zamanda, qızcığaz müsabiqə iştirakçıları ilə dostluq münasibətləri saxlayır.

“Hansısa bir əsərin üzərində işləməyə başlayanda, hər zaman müəyyən obrazın yaradılması məsələsini müzakirə edirik. Hansısa bir obraz, xarakter göz qabağında olsun deyə. Mən onu öncədən buna hazırlayıram, - deyə Kəmalə xanım bəhs edir. - Hər çıxışdan sonra ifanı müzakirə edirik, əgər səhvlər varsa, onları müəyyən edirik. Yaxud əksinə, onu qüsursuz ifasına görə tərifləyirəm. Suadanın ən yaxşı ifaçı olmaq istəyi var. Bu, onu irəli aparır”.

Müəllimin fikrincə, müsabiqələr və festivallar uşaqların və gənclərin inkişafında, onların cəmiyyətə inteqrasiyasında ən vacib rol oynayır.

“Bu, bir uşaqda və ya gəncdə yaradıcılıq fəaliyyətini təşviq etməyin ən təsirli üsullarından biridir. Bu, əslində iştirakçıların ən yaxşı ifaçını müəyyənləşdirmək məqsədi daşıyan bir yarışmadır. Müsabiqələrdə iştirak etmək uşaqlara daha gözəl həyat yaşamaq, bacarıq səviyyələrini artırmaq, ən yaxşılarla rəqabət aparmaq, uşaqlıq və gənclik dövründə başqalarına nümunə olmaq üçün unikal bir şans verir”.

Kəmalə xanım vurğulayır ki, festival və ya müsabiqə iştirakçıya öz ideyalarını təqdim etmək, nailiyyətlərini göstərmək və əlbəttə ki, şagird və müəllimin gördüyü işə peşəkar qiymət vermək imkanı verir ki, bu da çox vacibdir.

“Hesab edirəm ki, Azərbaycanımızda şagirdlərini beynəlxalq səhnəyə çıxara biləcək kifayət qədər peşəkarlar var”, - deyə müəllim bildirir. - Müasir cəmiyyətin öz daxili aləmi, maraqları, ehtiyacları və yaradıcılıq imkanları olan intellektual şəkildə inkişaf etmiş şəxsiyyətə ehtiyacı var. İstedadlı və çox qabiliyyətli uşaqların müəyyənləşdirilməsi, inkişafı və dəstəklənməsi məsələsi ölkəmiz üçün son dərəcə aktualdır. İstedadlı, çox bacarıqlı uşaqlar və gənclər hər hansı bir ölkənin potensialıdır!”- deyə Kəmalə Tağızadə vurğulayır.

 

Chosen
231
50
azertag.az

10Sources