EN

Bayram tətili BİTDİ, sıxlıq BAŞLADI – Bakının yükünü necə AZALDAQ? 

Novruz bayramı ilə əlaqədar tətildən sonra ilk iş günüdür. Tətil müddətində paytaxt sakinləri şəhərin boşalmasının, tıxacların olmamasının sevincini sosial şəbəkələrdə də bölüşürdülər. Lakin bu gün “tətil bitdi, tıxac başladı” kimi narazılıqlar yenidən hər kəsin dilindədir. 

Maraqlıdır, ümumiyyətlə Bakının yükünü necə azaltmaq olar?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, Bakının plansız genişləndirilməsi sıxlığın əsas səbəblərindən biridir:

“Buradakı sıxlıq həm də universitetlərlə bağlıdır. Eyni zamanda, regionlardakı inkişaf statistikadan gerçəkliyə doğru çevrilməlidir. Yəni rayonda yaşamaq müasir dövrün standartlarına uyğunlaşdırılmalı, iş həyatı canlandırılmalıdır. Bunun üçün isə iş adamına olan təzyiqlər aradan qalxmalıdır. Bu olarsa, bölgələrə hər kəs sərmayə qoyacaq. Belə olanda, məhkəmə iş adamını bürokratik əngəllərdən qoruyacaq”. 

Deputat qeyd edib ki, ancaq bu şərtlər altında regionları inkişaf etdirmək olar:

“Yoxsa hansısa dövlət qurumunun əli ilə iş yeri açmaq effekt vermir. Bu, sadəcə büdcə xərclərinin səmərəsiz xərclənnməsinə gətirib çıxarır. Biz elə həmin vəsaiti əlverişli kredit formasında iş adamına versək, güzəştli şəkildə onun  iş yeri açmasını təmin etsək, elə bir problemimiz qalmayacaq. Beləliklə, Bakının yükü yüngülləşəcək. Bu zaman kimsə rayondan Bakıya gəlib çörək pulu qazanmağa maraq göstərməz. 

Bu gün bir ticarət mərkəzində çalışanların xeyli hissəsi Azərbaycanın bölgələrindən gələn müəllimlər, həkimlər, diplomlu olan şəxslərdir. Yəni belə adamlar iş tapa bilmədikləri üçün rayondan Bakıya gəlib ixtisasına uyğun olmayan yerlərdə çalışmağa məcbur olurlar. Məsələnin mahiyyəti budur və problemi ancaq bu konteksdən həll etməyə çalışmalıyıq” – deyə, Fazil Mustafa bildirib.

Nuranə Daxilqızı, Bizim.Media 

Chosen
368
50
bizim.media

10Sources