Avropa çempionatının startına iki ayyarım vaxt qalıb.
"Football-plus.az" xəbər verir ki, Almaniyada təşkil ediləcək nəhəng turnirdə bir sıra məşhur və istedadlı futbolçuların oyununu izləyə bilməyəcəyik. Əlbəttə, ağla ilk növbədə Erlinq Holann kimi superbombardir gəlir. O və həmyerlisi Martin Edeqorla bağlı səbəb sadədi: Norveç yığması qitə çempionatına vəsiqə qazana bilməyib. Fransa qarşıdakı turnirdə çıxış edəcək, amma Kərim Benzema beynəlxalq karyerasını başa vurduğu üçün Almaniyanın yaşıl meydanlarında görünməyəcək. Gəlin, komandası AÇ-2024-ə vəsiqə qazansa da, özü bu yarışda oynaya bilməyəcək digər məşhurların problemlərinə nəzər salaq.
Tibo Kurtua
(Belçika)
“Real”ın qapıçısı bir neçə gün əvvəl böyük bəxtsizliklə üzləşdi. Kurtuanın aldığı növbəti zədə o qədər ciddidi ki, bu səbəbdən hətta karyerasına son verə bilər. Belçikalı futbolçu hələ ötən yay ağır zədə almışdı. Bu səbəbdən cari mövsümdə meydana çıxa bilməyən Tibonun digər ayağı da sıradan çıxıb. Əlbəttə, onun kimi yüksək səviyyəli əlcək sahibinin qitə çempionatında oynamayacağı böyük təəssüf doğurur.
Tibonun klubu artıq Andrey Lunin ilə yeni müqavilə üzrə danışıqalara başlayıb. Ukraynalı əlcək sahibi “Real”dakı qənaətbəxş çıxışı ilə İngiltərənin bir sıra klublarının hədəfinə düşüb ki, bu, madridliləri narahat etməyə bilməz. Rəhbərlik hər ehtimala qarşı növbəti mövsüm üçün ehtiyat qapıçı axtarışına da başlayıb. Deyilənə görə, paytaxt klubunun ilkin hədəfi “Atletik”li Yulen Aqirresabalaqadı.
Sandro Tonali
(İtaliya)
AÇ-2020-də çempionluq qazanan İtaliya yığmasının heyətində olmayan Tonali bu dəfə milli formada titulu qorumaq uğrunda mübarizə aparacağına ümid edirdi. Lakin “Nyukasl”ın yarımmüdafiəçisi ehtiraslı oyunlara aludəçiliyinin qurbanına çevrildi. O, futbol matçlarına, həm də sabiq klubu “Milan”ın oyunlarına qeyri-qanuni pul qoyuluşu etdiyi üçün uzun müddətə cəzalanıb. Sandro artıq bir neçə aydı ingilis dilini öyrənir, psixoloq yardımından yararlanır və futbol qurumlarının qərarına əsasən ludomaniyadan (qumar asılılığı) müalicə kursu keçir. Təbii ki, əsas məqsədi sıralarına yayda keçdiyi “Nyukasl”a faydalı olmaqdı. Amma hazırkı məqamda bunu edə bilmir. Uzunmüddətli diskvalifikasiya onun qitə birinciliyində iştirakını qeyri-mümkün edib.
Pablo Qavi
(İspaniya)
Pablonun bəxti gətirmədi. 19 yaşlı istedadlı oğlan səhhətindəki problemə görə böyük yarışdan kənarda qalacaq. O, ötən ilin noyabrında diz bağlarının ciddi xəsarət almasına görə məyusluq içindədi. Həkimlər Qavinin iyunun sonuna qədər futbol oynaya bilməyəcəyini proqnoz veriblər. Başqa sözlə, İspaniya yığmasını çalışdıran Luis de la Fuentenin onun adını iştirak ərizəsinə daxil etməsinin mənası yoxdu. Axı bərpa prosesinin son mərhələsi AÇ-nin qrup turnirini buraxacaq Pablonun milli komandaya pley-offda faydalı olacağına böyük ölçüdə təminat vermir. Onu da qeyd edək ki, ispaniyalılar Qavinin sıradan çıxmasına görə heç də həddən artıq bədbinliyə qapılmırlar. Məsələ ondadı ki, yeniyetmənin çıxış etdiyi orta xətdə yüksək səviyyəli futbolçu bolluğu yaşanır. Amma yenə də, Qavi kimi istedadlı oyunçunun qarşıdakı turniri buraxacağına görə təəssüflənməyə dəyər.
Ris Ceyms
(İngiltərə)
Bu mövsümün əvvəlində “Çelsi”nin kapitanı sarğısını qoluna keçirən müdafiəçinin Çempionlar Liqasının qalibi olduğunu xatırlasaq, karyerasının faciəvi məqamlarına görə məyus olmalıyıq. Ris futbolu sevən ailənin üzvüdü. Bacısı Loren də “Çelsi”nin peşəkar oyunçusudu. Atası Naycel isə lisenziyası olan məşqçidi. Amma bəxt Ceymsdən tez-tez üz döndərir: universallığı ilə tanınan futbolçu daimi zədələrlə qarşılaşır. O, indi əməliyyatdan sonra bərpa prosesi keçir. Halbuki zədə sindromu ilə üzləşməsəydi, “Real”a keçidinə hazırlaşar, baş məşqçi Qaret Sautqeyti milli komandada Kayl Uoker, Kiran Trippyer və Trent Aleksander-Arnold kimi rəqiblərdən geri qalmadığına əmin edə bilərdi.
Ceyms qitə çempionatından əvvəl bir neçə oyunda iştirakına ümid edir. Amma mövsümün son matçlarında Sautqeytdə özü ilə bağlı böyük təəssüratlar doğura biləcəyi real görünmür. Üstəlik, çıxış etdiyi cinahda rəqibləri kifayət qədər güclüdü.
Pol Poqba
(Fransa)
Poqbanın qitə çempionatında milli komandanın formasında görünməməsinə səbəb olan o qədər amil var ki... Əvvəla o, uzun müddətdi Fransa yığmasının orta xəttində yaxşı mənada nəzərə çarpmır. Bu mövqedə rəqabət isə kifayət qədər güclüdü. Son illər ciddi zədələrlə üzləşməsi də onun vəziyyətini çətinləşdirib. Bunlar azmış kimi, dünya çempionu dopinqdə “ilişib”. Ötən ilin avqustunda İtaliya çempionatının “Udineze” ilə keçirilən oyundan sonra ondan götürülən test müsbət nəticə verib. Təkrar test də eyni nəticələndiyi üçün fransalının birillik diskvalifikasiyası qaçılmaz olub. Pol əzələ kütləsini bilərəkdən süni şəkildə artırması ilə bağlı versiya ilə barışmır: deyilənə görə, “Yuventus”un həkimlərinə bildirmədən kənardan aldığı məsləhət əsasında preparat qəbul edib və onun dopinq xarakterli olmasından bixəbər imiş.
Hələ yeniyetmə yaşlarında olarkən superulduz sayılan Poqba vaxtilə yetirməsi olduğu “Mançester Yunayted”ə 105 milyon avroya başa gəlib. Onun satışından bu qədər qazanan “Yuventus” artıq bir neçə aydı yarımmüdafiəçiyə müqavilə üzrə maaş ödəmir ki, bu da təbiidi. Səbəbkar məhkəmə yolu ilə təmiz adını qoruyacağını təkrarlamaqdan yorulmur. Amma hazırkı məqamda onun Almaniyada oynamaq şansından söhbət belə getmir. Deməli, indi yaşıl meydana mümkün qədər tez qayıtmaq üçün bütün diqqətini apellyasiya şikayətinə ayırmalıdı.
İvan Perişiç
(Xorvatiya)
Rusiyada 2018-ci ildə keçirilən dünya çempionatının finalının daha bir iştirakçısının qarşıdakı yarışda yığmaya kömək etmək ehtimalı praktiki cəhətdən sıfra bərabərdi. Xorvatiya millisində 129 oyun keçirən Perişiçin hazırkı durumu bunu iddia etməyə əsas verir. O, “Tottenhem”in məşqində aldığı ciddi zədə səbəbindən mövsümü erkən başa vurub. Sağ diz bağları sıradan çıxan universal futbolçunun gələn mövsüm londonluların sıralarında görünmək şansı minimuma bərabərdi. 35 yaşlı İvanın klubla müqaviləsinin müddəti yayda sona çatacaq. Yanvarda icarə qaydası ilə “Hayduk”a keçən yarımmüdafiəçi zədəsini bir qədər tez sağaldacağına və mövsümün son oyunlarında meydana çıxacağına ümid edir. Amma qitə çempionatına yollanmaq şansı möcüzəyə bağlıdı. Bununla belə, yayda karyerasını başa vurmayacağına ümid edə bilər.
David Alaba
(Avstriya)
Avstriya yığmasında yarımmüdafiəçi kimi oynayan Alaba “Real”da daha çox müdafiəçi mövqeyində çıxışı ilə tanınır. İspaniya klubunda ən ödənişli futbolçu olan David ötın ilin dekabrında zədələnib. Həkimlər onda universal futbolçunun meydana bir də 8 aydan sonra qayıda biləcəyini proqnoz vermişdilər. Bu isə o deməkdi ki, qitə çempionatında iştirak şansı yoxdu. Ralf Ranqnik onun kimi faydalı oyunçudan yararlana bilməyəcəyi üçün böyük təəssüf hissi keçirməyə məcburdu. Əlbəttə, Karlo Ançelotti də həmkarının durumundadı. Çünki Alaba Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə oyunlarında da görünməyəcək. Ümumiyyətlə, bu mövsüm “Real”ın bir sıra oyunçularının bəxti heç gətirmir...
Domeniko Berardi
(İtaliya)
Sonuncu qitə çempionatının qalibi bu dəfə milli komandasına kömək edə bilməyəcək. Səbəb Berardinin ağır zədə almasıyla bağlıdı. Mövsümün əvvəlində əzələ problemi ilə üzləşən hücumçu sonradan dabanında əməliyyat keçirdi. Luçano Spalletti “Sassuolo”nun liderinin yoxluğunda ön xətdə müxtəlif funksiyalar yerinə yetirə bilən oyunçunun xidmətindən məhrum olub. Doğrudu, Argentinada dünyaya gələn Mateo Reteginin “skuadra adzurra”ya cəlb edilməsi problemi qismən yoluna qoyub.
Amma bu, həqiqətdi ki, İtaliya yığmasında ön xətlə bağlı çətinliklər qalmaqdadı. “Latsio”nun bombardiri Çiro İmmobile bu mövsüm yüksək məhsuldarlıq nümayiş etdirə bilmir. Son illər Apennində Kristian Vyeri, Filippo İnzaqi, Alessandro Del Pyero, Françesko Totti və Luka Toni səviyyəsində hücumçular da yetişməyib. Berardi zədə almasaydı, mütləq milli komandada olacaqdı. Oktyabrın ortalarına kimi sıradan çıxan təcrübəli futbolçunun yoxluğunun yığmanın ön xəttində hiss ediləcəyi aydın məsələdi.