EN

Azərbaycandan İrana gedənlər ÇOXALIB

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Vətənifo.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan – 2,4 dəfə, Qazaxıstandan – 2,4 dəfə, Bəhreyndən – 2,1 dəfə, Səudiyyə Ərəbistanından – 2,0 dəfə, Qırğızıstandan – 2,0 dəfə, İspaniyadan – 1,9 dəfə, Filippindən – 1,9 dəfə, İtaliyadan – 1,8 dəfə, Omandan – 1,7 dəfə, Tacikistandan – 1,7 dəfə, Cənubi Koreyadan – 1,6 dəfə, İrandan – 1,6 dəfə, Türkmənistandan – 1,6 dəfə, İordaniyadan – 1,5 dəfə, Almaniyadan – 49,5 faiz, Özbəkistandan – 47,5 faiz, Küveytdən – 42,4 faiz, Yəməndən – 38,6 faiz, Polşadan – 37,7 faiz, ABŞ-dan – 32,1 faiz, Ukraynadan – 26,1 faiz, Fransadan – 25,7 faiz, Türkiyədən – 25,0 faiz, Pakistandan – 24,3 faiz, Rusiya Federasiyasından – 23,8 faiz, Misirdən – 22,5 faiz, Gürcüstandan – 19,3 faiz, Niderlanddan – 17,8 faiz, Böyük Britaniyadan – 14,2 faiz artıb.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 31,7 faiz artaraq 472,3 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 40,6 faiz, Gürcüstana gedənlərin sayı 29,0 faiz, Türkiyəyə gedənlərin sayı 28,1 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 38,3 faizi Türkiyəyə, 20,8 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 8,6 faizi İrana, 22,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,2 faizini kişilər, 32,8 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edək ki, statistika Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında hazırlanıb.

Chosen
122
23
veteninfo.az

10Sources