60 milyard dollar yardım Ukraynanı tam qələbəyə aparmır
Ukraynaya 60 milyard dollar yardımın verilməsi hələ qələbəyə aparan aydın yol deyil.
Reyting.az xəbər verir ki, bunu Honkonqun "Asia Times" qəzeti ABŞ tərəfindən Ukraynaya edilən yardımla bağlı yazıb.
Qeyd olunur ki, mövcud vəziyyəti nəzərə alanda Amerikanın Ukraynaya bu yardım paketi sadəcə, qaçılmaz olanı azca gecikdirəcək.
Məqalə müəllifinin fikrincə, hazırda döyüş meydanında təşəbbüs Rusiya qüvvələrinə məxsusdur. Bununla belə, onlar durmayacaq, gələcəkdə yalnız hücum səylərini gücləndirəcəklər.
Məqalə müəllifi yazıb ki, hazırkı vəziyyətdə Kiyevin qələbəsindən danışmaq təhlükəli cəfəngiyyatdır.
Qeyd edək ki, aylarla davam edən böyük mübahisəli gecikmələrdən və Ukraynanın ümidsiz yalvarışlarından sonra nəhayət ki, ABŞ Nümayəndələr Palatası 60 milyard dollar dəyərində hərbi yardım layihəsini təsdiqləyib.
Nəşrin yazdığına görə, qanun layihəsinə öncə Senat "Yaşıl işıq" yandırmalı və ABŞ prezidenti Co Bayden imza atmalıdır. "Amma nəzərə alsaq ki, Senat artıq oxşar tədbiri təsdiqləyib və Amerika prezidenti Bayden Ukraynanın qızğın tərəfdarı kimi tanınıb, yəqinki, bu, sadəcə, bir formallıqdır",- deyə "Asia Times" qeyd edib.
Müəllif Stefan Volf yazır ki, əsl mahiyyətinə varmaq üçün başqa və vacib bir suala cavab tapmaq lazımdır: "Sual başqadır: Amerikanın dəstəyi Ukraynanı qaçılmaz kimi görünən məğlubiyyətdən xilas edəcəkmi? Cavab hələ aydın deyil. Şübhəsiz ki, bu yardım Ukraynaya döyüş meydanında azca nəfəs almaq imkanı verəcək. Yəni Rusiyanın davamlı irəliləyişini dayandıracaq".
"Asia Times" bildirir ki, ABŞ Senatının və Amerika prezidentinin təsdiqindən başqa, yardım paketi logistik maneələrlə üzləşir. Təcili ehtiyac duyulan hərbi texnikanın, xüsusilə də ən vacib sursatın əsas hissəsi artıq Polşada saxlanılır. Ancaq bu hərbi yardımı cəbhə xəttinə çatdırmaq, Ukrayna müdafiəsinin strategiyasına və taktikasına daxil etmək lazımdır.
Bununla belə, liderlər tədarükün tezliklə gələcəyini, Kiyevin hər zaman etdiyi kimi, sursata qənaətə ehtiyacın olmayacağını əmin bildirirlər. Ukraynada döyüşən ordu hissələrinin, əsgərlərin mənəvi-psixoloji vəziyyətinin daha da gücləndirilməsi ilə yanaşı, ABŞ-dan yeni silah göndərişləri gələnə qədər cəbhədə vəziyyətin hətta bir qədər yaxşılaşacağı da istisna edilmir.
Oqtay QORÇU