Rəşad Mahmudov
Milli Məclisin deputatı
Azərbaycan müasir tarixinin ən fərəhli illərini yaşayır. Son iki yüz ildə iki dəfə parçalanmaya, ərazisinin otuz illik işğalına məruz qalan dövlətimiz bu günün qüdrətinin zirvəsindədir. Bu zirvəyə aparan yolun memarı ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf xəttini mükəmməl şəkildə davam etdirən və həyati əhəmiyyət kəsb edən prosesləri məntiqi sonluğuna çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin xalqın dəstəyilə həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar Azərbaycanın qarşısında dayanan strateji tapşırıqların həll olunmasına gətirib çıxarmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlərin önəmli aktoruna çevrilməsinə şərait yaratdı. Belə praqmatik siyasətin nəticəsidir ki, bu gün cənab İlham Əliyev həm Qərbdə, həm də Şərqdə böyük hörmətlə, ehtiramla qarşılanır, qlobal xarakterli mühüm məsələlərlə bağlı müzakirələr məhz ölkəmizin başçısı ilə aparılır. Dövlət başçısının Rusiyaya səfəri qeyd etdiyimizin sübutudur. Prezident İlham Əliyevin Rusiyaya birgünlük işgüzar səfəri regional əməkdaşlıq və iki ölkənin münasibətlərinin tarixində əhəmiyyətli iz qoyan məsələlərlə yadda qaldı. Bu il Şimal qonşumuzun iqtisadi həyatında əvəzsiz hadisə olan Baykal-Amur Magistral xəttinin (BAM) tikintisinə başlanmasının yarım əsrlik ildönümüdür. Layihənin icrasına o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan dahi azərbaycanlı Heydər Əliyev rəhbərlik edirdi. Ulu öndər 4324 km dəmir yolu xəttinin, onlarla çayı əhatə edən 2230 körpünün, o cümlədən 11 böyük körpünün, 200 dəmir yolu stansiyasının, marşrut boyu şəhər və qəsəbələrin tikintisinə rəhbərlik etmişdi. Qeyd olunduğu kimi BAM dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Rusiyanın İrkutsk, Transbaykal, Amur, Buryatiya və Yakutiya, Xabarovsk vilayətlərinin ərazilərindən keçir. Bu, Rusiyanın Sakit okeana ikinci (Trans-Sibir ilə birlikdə) dəmir yolu çıxışıdır. Təbii ki, bu strateji layihənin reallaşdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini Rusiya dövləti və ictimaiyyəti heç vaxt unutmur, xalqımızın əvəzsiz övladına minnətdarlığı ifadə olunur. Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirilən görüşündə səsləndirilən fikirlər bunu bir daha təsdiqləyir.
Ulu öndər Heydər Əliyevin BAM-ın tarixində müstəsna, böyük rol oynadığını, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik etdiyini və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayan Rusiya lideri Vladimir Putin diqqətə çatdırdı ki, bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. Cənab Putinin “Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur” deməsi iki ölkə arasındakı əlaqələrin geniş miqyasını göstərir. Bu gün Bakı və Moskva bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. İqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, ticarət, investisiya qoyuluşlarında artım var. Regional əməkdaşlıq, xüsusilə də postmüharibə dövründə sabitlik və təhlükəsizlik məsələlərin həllində qarşılıqlı hörmət və mövqe yaxınlığı müşahidə olunur. Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməyə başlaması iki ölkə liderləri arasında razılaşmanın əldə olunması belə deməyə əsas verir. Bu, həm də Prezident İlham Əliyevin regional münaqişənin birdəfəlik həllində əldə etdiyi növbəti uğurdur. Azərbaycan və Rusiya arasında münasibətlərin indiki inkişaf səviyyəsi ulu öndər Heydər Əliyevin və Prezident Vladimir Putinin milli maraqların qorunmasında qarşılıqlı hörmətə əsaslanan siyasət yürütmələrinin nəticəsidir. Prezident İlham Əliyev BAM veteranları və işçiləri ilə görüşündə bildirdi ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Heydər Əliyev qoyublar. Ulu öndər deyirdi ki, Azərbaycan və Rusiya ilə sadəcə qonşu deyil, hər iki ölkənin eyni tarixi var. Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ilin yanvarında Azərbaycana ilk səfəri ikitərəfli münasibətlərdə üçüncü dövrün başlanğıcı oldu.
Səfər nəticəsində qəbul edilmiş Bakı Bəyannaməsi dövlətlərarası münasibətləri “strateji tərəfdaşlığın daha yüksək səviyyəsinə” çatdırmaq məqsədi daşıyırdı. Məhz qarşılıqlı maraqların dərk edilməsi, hər iki tərəfin bir-biri üçün əhəmiyyətinin çox böyük olduğunu anlaması, həmçinin suverenliyə hörmət münasibətlərin gələcək inkişafı üçün əsas oldu. Hazırda çoxşaxəli və çoxplanlı olan əlaqələrimiz həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iki ölkə arasındakı yüksək münasibətlərin olduğunu təsdiqləməklə yanaşı, həm də göstərdi ki, əlaqələrin daha da inkişafı üçün geniş potensial var. Qarabağ münaqişəsinin həll olunması və Ermənistanla başlanılan sərhədlərin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Rusiya qarşısında yeni əməkdaşlıq perspektivləri açır və tərəflər bu imkanlardan maksimum yararlanacaqlarını bildirirlər. Belə bir əməkdaşlıq isə Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. yap.az